Avtomobil lizinqi: rahat seçim, yoxsa gizli maliyyə yükü?
Son illərdə ölkədə lizinq yolu ilə avtomobil alanların sayı artıb. Bu üsul bir çoxları üçün əlçatan görünsə də, sonradan ödənişlərin çoxluğu və şərtlərin ağırlığı narazılıqlara səbəb olur. Hazırda isə yeni qaydalar hazırlanır. Lizinq bazarında nəzarətin gücləndirilməsi Milli Məclis-də müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində nəzərdə tutulur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Vəkil Cavanşir Qasımzadə bildirib ki, avtomobil lizinqi, yəni yeni qanunvericilikdəki adı ilə maliyyə icarəsi, həm imkan, həm də ciddi bir maliyyə öhdəliyidir:
“Vətəndaşların ən çox narazı qaldığı yüksək faizlər və ağır şərtlər indiyə qədər bu sahədə vahid və təkmil bir qanunun olmamasından qaynaqlanıb. Müqavilələrdə gizli qalan xidmət haqları və sığorta xərcləri sonradan ümumi borcun həddindən artıq böyüməsinə səbəb olub. 2026-cı ilin aprelində Milli Məclisdə müzakirə olunan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi məhz bu boşluqları doldurmağı hədəfləyir.
Yeni qaydalara əsasən, bu bazarın tənzimlənməsi Azərbaycan Mərkəzi Bankına tapşırılır. Bu o deməkdir ki, hər bir lizinq şirkəti xüsusi reyestrdə qeydiyyatdan keçməli və öz fəaliyyətini dövlətin müəyyən etdiyi standartlara uyğunlaşdırmalıdır. Qanun qüvvəyə mindikdən sonra şirkətlərin müqavilə şərtlərini vətəndaşın ziyanına olacaq şəkildə qeyri-şəffaf qurması çətinləşəcək. Mərkəzi Bankın nəzarət mexanizmləri sayəsində gizli faizlər və əlavə xərclər üzərində ciddi monitorinq aparılacaq. Bu isə lizinqi daha proqnozlaşdırıla bilən bir maliyyə alətinə çevirə bilər. Lakin real nəticə yeni qaydaların tətbiqindən sonra bazardakı rəqabətin necə formalaşacağından asılı olacaq”.
Səadət Əlizadə