Avtomobil və mobil rabitənin olmadığı Kanada adası: Turistlər burada keçmişə qayıdır
Kanadanın Labrador sahillərində yerləşən Battle Harbour adası müasir həyatın bir çox rahatlığından uzaq olması ilə diqqət çəkir. Vaxtilə balıqçılığın əsas mərkəzlərindən biri olan ada bu gün tarixi tikililəri, sakit atmosferi və keçmişi xatırladan mühiti ilə turistləri cəlb edir.
Labradorun ucqar sahillərində yerləşən Battle Harbour adasına gələnləri ilk növbədə qeyri-adi mənzərə qarşılayır. Vaxtilə burada yaşayan balıqçıları və tacirləri təsvir edən, insan boyunda hazırlanmış karton fiqurlar adanın keçmişini canlandırır. Təxminən 1900-cü illərdə dünyanın əsas duzlu balıq ticarəti mərkəzlərindən biri olan ərazi indi tarixi irsin qorunduğu turizm məkanına çevrilib.
Adanın ziyarətçiləri burada müasir şəhər həyatından xeyli uzaq şəraitlə qarşılaşırlar. Mobil telefon rabitəsi yoxdur, internetə çıxış isə yalnız ümumi istifadə üçün ayrılmış bir nöqtədə mümkündür. Gecələyən qonaqların təhlükəsizliyi üçün xüsusi rabitə vasitəsi də nəzərdə tutulub. Fövqəladə vəziyyətdə qonaqlar həmin cihaz vasitəsilə məsul şəxslərlə əlaqə saxlaya bilirlər.
Battle Harbourda bərpa edilmiş taxta evlər, vaxtilə balıqların emal edildiyi köhnə tikililər və tarixi liman infrastrukturu qorunub saxlanılır. Adada 16 fərdi yay evi olsa da, burada ilboyu yaşayan daimi əhali yoxdur. Ərazinin əvvəlki yaşayış və ticarət mərkəzi statusu onilliklər əvvəl sona çatıb.
Adada qalmaq istəyənlər üçün səfərin özü də ayrıca macəra sayılır. Əvvəlcə Labradorun materik hissəsində yerləşən Happy Valley-Goose Bay şəhərinə uçmaq, daha sonra meşəlik ərazilərdən keçən avtomobil yolu ilə təxminən beş saat yol getmək lazımdır. Səfərin son mərhələsində isə Mary’s Harbour limanından kiçik sərnişin qayığı ilə adaya çatmaq mümkündür.
Battle Harbour tarixi balıqçılıq məskəninin irsini qorumaqla yanaşı, ziyarətçilərə gündəlik həyatın səs-küyündən uzaqlaşmaq imkanı yaradır. Burada qonaqlar iki gün ərzində müasir texnologiyalardan mümkün qədər uzaq, tarixin izlərinin qorunduğu fərqli bir mühitdə vaxt keçirə bilirlər.
Elmira Ağayeva