AYİB Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 mln. dollar ayıra bilər
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda "Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi" (Green Economy Financing Facility - GEFF) proqramının işə salınması imkanlarını qiymətləndirir.
Mövzu ilə bağlı olaraq iqtisadçı Günay Hüseynova "İnformator.az" a açıqlamasında bildirib ki, bu məbləğ təkcə pul vəsaiti deyil:
"Bu proqramın həyata keçirilməsi iqtisadi modernizasiya ilə əlaqədardır. Artıq elə sahələr var ki, onların modernizasiyasına ehtiyac duyulur və bu vəsait hesabına həmin sahələrdə yeniliklərin tətbiqi gözlənilir. Ölkə iqtisadiyyatına üstünlüklərindən biri də xarici kapital və valyuta axınının təmin olunmasıdır. Eyni zamanda, bu 100 milyon dollar yalnız pul vəsaiti formasında deyil, həmçinin texnoloji avadanlıqların alınması və müəyyən layihələrin icrası şəklində də ola bilər. Bu baxımdan da proqram üstünlük təşkil edir.Bir sıra startap layihələr var ki, onların icrası üçün maliyyə vəsaiti tələb olunurdu. Bu vəsait həmin layihələrin inkişafına müsbət təsir göstərəcək. Əvvəldə qeyd etdiyim kimi, bu vəsait müxtəlif sektorlara yönəldiləcək. Bu sahələrdən biri də bank sektorudur. Düşünürəm ki, Azərbaycan bank sektoruna müəyyən məbləğin ayrılması özəl sahibkarlığın inkişafı və likvidlik baxımından mühüm əhəmiyyət daşıyacaq.
Ekoloji cəhətdən təmiz və havanı çirkləndirməyən nəqliyyat vasitələrinin tətbiqi, bu kimi sahələrin inkişafı düşünürəm ki, ayrılan vəsaitlə stimullaşdırılacaq. Bundan əlavə, enerji sektorunda günəş panelləri, külək enerjisindən səmərəli istifadə kimi sahələrdə də işlər görüləcək. Bu istiqamətlərə yatırımlar iqtisadi baxımdan da əhəmiyyətli olacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankının bu təşəbbüsü xarici investorlar üçün maraq doğura bilər. Çünki bu qurum beynəlxalq nüfuza malikdir. Düşünürəm ki, hətta ölkəmizi tanımayan investor belə bu quruma güvənərək Azərbaycana investisiya qoya, yaxud da müəyyən layihələrin icrasına başlaya bilər".
Arzu Poladova
