Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb
Şəki şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Şəki Dövlət Dram Teatrı arasında milli mədəniyyətin inkişaf etdirilməsində qarşılıqlı maraqlar nəzərə alınaraq əməkdaşlığa dair memorandum imzalanıb.
Bu tərəfdaşlıq ölkənin ən köklü teatr kollektivləri arasında təcrübə mübadiləsini və regionlarda teatr sənətinin canlandırılmasını hədəfləyir.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, teatr öz zəngin təcrübəsini region teatrları ilə bölüşmək üçün ardıcıl layihələr həyata keçirir. O, ötən il uğurla yekunlaşan “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin regiondakı yaradıcı mühiti müşahidə etmək baxımından mühüm rol oynadığını qeyd edib:
“Şəki Teatrı ilə imzalanan bu sənəd yaradıcı mübadilənin bir çox istiqamətlərini əhatə edir. Bura təkcə aktyor və rejissorların deyil, eyni zamanda işıq, səhnə və geyim rəssamlarının, eləcə də səhnə texnikasının mübadiləsi daxildir. Milli Dram Teatrının son iki ildə Rusiya, Belarus, Gürcüstan və Türkiyənin nüfuzlu teatrları ilə qurduğu beynəlxalq əlaqələr bu memorandum vasitəsilə Şəki Teatrı üçün də əlçatan olacaq”.

Şəki Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Mirbala Səlimli vurğulayıb ki, bu əməkdaşlıq Şəki səhnəsində yeni, irimiqyaslı tamaşaların yaranmasına yol açacaq. Onun sözlərinə görə, gələcəkdə dünya klassiklərinin əsərlərinə hər iki teatrın yaradıcı heyətinin iştirakı ilə birgə quruluş verilməsi planlaşdırılır:
“Artıq gənc kadrlarımız - rejissor Elvin Nuri, rəssamlar Sahib Əhmədov və Günay Hidayətova Akademik Milli Dram Teatrı ilə birgə layihələrdə fəal iştirak edirlər. Memoranduma əsasən, paytaxtın görkəmli aktyorlarının Şəkidə gənc sənətçilər üçün ustad dərsləri keçməsi də təşkil olunacaq ki, bu da peşəkar inkişaf üçün əvəzsiz fürsətdir”.
Qeyd edək ki, memorandum hər iki teatrın yaradıcı həyatında mühüm iz qoymaqla yanaşı, Azərbaycan teatr sənətinin ümumi inkişaf strategiyasına xidmət edəcək.

Lalə Əhməd
