Novruzun ikinci müjdəçisi-Od çərşənbəsi
Bu gün Azərbaycanda “Od çərşənbəsi” qeyd olunur. Novruzun gəlişini müjdələyən çərşənbələr arasında “Od çərşənbəsi” xüsusi bir yer tutur. Bu gün xalq inancına görə təbiətdə od ünsürü oyanır, istilik torpağa can verir. Qədim türk inanclarında od müqəddəs sayılıb, işığın və saflığın rəmzi kimi qəbul edilib. Axşamüstü həyətlərdə, məhəllələrdə tonqallar qalanır. İnsanlar alovun üzərindən atlanaraq “Ağırlığım-uğurluğum odda qalsın” deyirlər. Bu sözlər əslində simvolik məna daşıyır.
Ötən ilin çətinlikləri, uğursuzluqları geridə qalır, yeni ilə təmiz niyyətlə qədəm qoyulur. Bəzi bölgələrimizdə ailə üzvlərinin sayı qədər şam yandırılır. Bu adət ailə birliyini və ocağın istiliyini simvolizə edir. Yandırılan şamlar bolluq, bərəkət və ruzi arzusunun ifadəsidir. Odun işığı evə bərəkət gətirsin deyə niyyət tutulur. Od çərşənbəsində ən maraqlı adətlərdən biri də qapı pusmaqdır. Əsasən gənc qızlar qonşu qapısında dayanıb eşitdikləri ilk sözü öz niyyətlərinə uyğunlaşdırırlar. Deyilən söz əgər müsbət olarsa, həmin arzunun gerçəkləşəcəyinə inanırlar. Bu, qədimdən gələn xalq inanclarından biridir.
Od çərşənbəsi ilə bağlı “İnformator.az” saytı şəhər sakinlərinin də fikirlərini öyrənib.
58 yaşlı Əsli İsgəndərova vaxtilə Göyçədə Od çərşənbəsini həmişə böyük həvəslə keçirdiklərini deyib:
“Kəndin ortasında böyük tonqal qalayardıq, hamı bir yerə yığışardı. Deyərdik ki, dərd-sərimiz odda yansın, ilimiz açıq olsun. Uşaqlar sevinə-sevinə tonqalın üstündən tullanardı. Qonşular bir-birinə pay aparar, küsülülər barışardı”.
8 yaşlı Aysu İsrafilova isə Od çərşənbəsində ən çox tonqalın yanına getməyi sevdiyini deyib:
“Babam tonqal qalayır, mən də onun yanında dayanıb tonqala baxıram. Sonra atam məni tonqaldan atladır”.
Od çərşənbəsində qonşular bir araya gəlir, süfrələr açılır, səməni qoyulur, şirniyyatlar hazırlanır. Od çərşənbəsi bizə odun istiliyini, birliyi xatırladır. Odunuz gur, niyyətiniz saf olsun. Od çərşənbəniz mübarək!
Nuray Əliyeva
