00:00:00
Yazar
Asiman Vəliyeva
03.03.2026 21:53 36 5 dəq oxuma
Mədəniyyət

Od Çərşənbəsi: Alovun dili ilə danışan qədim inanc

Od Çərşənbəsi: Alovun dili ilə danışan qədim inanc

Novruza aparan dörd çərşənbədən ikincisi -Od Çərşənbəsi xalq arasında ən coşqulu günlərdən biri hesab olunur. Bu gün təkcə tonqal qalamaqla yadda qalmır, həm də odun müqəddəs sayıldığı qədim inancları özündə yaşadır. Tarixi mənbələrə görə Od Çərşənbəsi qədim türk və zərdüşti inanclarına gedib çıxır. Od təmizləyici, qoruyucu və yeniləyici qüvvə kimi qəbul olunub. İnsanlar inanırdı ki, alovun üzərindən tullanmaqla bütün ağırlıqlar, xəstəliklər və uğursuzluqlar geridə qalır. Bu gün də “Ağırlığım-uğurluğum odda yansın” deyimi tonqal başında səslənir.


Azərbaycanda Od Çərşənbəsi axşamı həyətlərdə tonqallar qalanır, uşaqlar və böyüklər alovun üzərindən tullanır, ailələr bir araya gəlir. Xüsusilə, bölgələrdə bu ənənə daha canlı şəkildə qorunur. Bəzi yerlərdə isə şam yandırmaqla evin içində də odun rəmzi yaşadılır.Od Çərşənbəsi insanın daxili enerjisini və yenilənmə arzusunu simvolizə edir. Qışın soyuğundan çıxıb yazın istiliyinə doğru addımladığımız bu gün, əslində həm təbiətin, həm də insanın oyanış mərhələsidir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, folklorşünas Könül Həsənova bildirib ki, Od çərşənbəsi Novruz bayramından əvvəl qeyd olunan ikinci çərşənbədir:

 

“Bu gün od və istiliklə bağlıdır. Qədim inanclara görə, məhz bu çərşənbədə od oyanır və insanlara istilik, işıq və həyat verir. Od xalqımız üçün həmişə müqəddəs sayılıb. Od çərşənbəsində insanlar həyətlərdə tonqal qalayırlar. Hamı tonqalın ətrafına yığışır, mahnılar oxuyur və şənlənir. Od çərşənbəsi Azərbaycan xalqının ənənəvi təqvim sistemində yazın gəlişi ilə bağlı mərasim kompleksinin mühüm mərhələsidir. Qədim dünyagörüşündə Günəş və od həyatverici başlanğıc kimi qəbul edilmiş, kosmik enerjinin yer üzündəki təzahürü sayılmışdır. Bu baxımdan od-ocaq anlayışı ailə, nəsil və sosial davamlılıq ideyası ilə sıx bağlıdır. İnanclarda insanın oda və Günəşə münasibəti təbiətin canlanması ilə birbaşa əlaqələndirilir”.


Müsahibin sözlərinə görə Od çərşənbəsi səhər tezdən Günəşə qurban aparılması ilə başlanıb:

 

“ Deməli, od çərşənbəsi mərasimləri təbiətdə və cəmiyyətdə dirçəlişin, mədəni  transformasiyanın və harmoniyanın bərpasını simvolizə edir. Mərasimin əsas elementi tonqal qalama adətidir. Od çərşənbəsi mərasimində tonqal ətrafında toplaşmaq sadəcə ənənəvi davranış deyil, kollektiv kimliyin ifadəsidir. Bu məkan insanlar arasında ünsiyyəti gücləndirir, nəsillərarası əlaqəni möhkəmləndirir və ortaq dəyərlərin canlı şəkildə ötürülməsinə şərait yaradır. Mərasim zamanı səslənən sözlər və icra olunan ayinlər-rəqs etmək, mahnı oxumaq, odun üzərindən tullanmaq, arzu və istəkləri dilə gətirmək toplumun mənəvi yaddaşını yeniləyən simvolik akt kimi çıxış edir.
Odun üstündən yeddi dəfə tullanaraq “Ağrım-uğrum, azarım-bezarım üstümdən burada qalsın”, “Ağırlığım od olsun, odda yanan yad olsun” və s. kimi ifadələr deyirlər ki, bu da  odun təmizləyici funksiyasını əks etdirir”.


Həmçinin müsahib qeyd edur ki, evdə olan xəstələrin, körpələrin tonqalın üzərindən keçirilməsi onların gələcək həyatının sağlam, güclü və təhlükələrdən uzaq olması arzusu ilə bağlıdır:


“Qobustan qayaüstü rəsmlərində Yallı rəqsinin od ətrafında təsvir olunması da  odun təkcə istilik mənbəyi olmadığını, həm də insanların birlik, mənəvi bağlarını möhkəmləndirdiyi  və inanc nümayiş etdirdiyi müqəddəs kult olduğunun işarəsidir.
Türk mifoloji düşüncəsində od göylə yer arasında əlaqə yaradan qüvvə sayılırdı. Rəvayətə görə, ilk insanlar əvvəlcə meyvə və otla qidalanırdılar və buna görə də oda ehtiyacları yox idi. Tanrı onlara ət yeməyi əmr etdikdən sonra oda ehtiyac yarandı. Ülgen göydən biri qara, biri ağ olmaqla iki daş endirdi. Quru otları ovucunda əzərək bir daşın üstünə qoydu və digər daşla vurdu, otlar alışıb. Beləliklə, Ülgen insanlara ilk dəfə od qalamağı öyrətdi və dedi: “Bu od atamın qüdrətindən daşa düşmüş oddur.” Ülgenin insanlara od qalamağı öyrətməsi odun Tanrı tərəfindən verilmiş müqəddəs hədiyyə kimi qəbul edildiyini göstərir. Buna görə də altaylılarda və yakutlarda yalnız çaxmaq daşından əldə edilən od müqəddəs sayılır.
Ata – babalarımızın bu çərşənbədə keçirdiyi qədim mərasimlərdən biri “Pülənbəri” və ya “yanar körpü”dür. Qaranlıq düşəndə insanlar evlərin damına çıxaraq kənd ağsaqqalının həyətindəki, yaxud meydandakı tonqalın yanmasını gözlər, ilk qığılcımdan hər kəs öz qaladığı tonqallara od vurub. 

Çalış, alış tonqalım,
Yeddi qarış tonqalım,
Qoy alovun gur olsun,
Üzümüzə nur dolsun.


Uca bir təpə başında quru ağac və kötüklərdən aşırımlı körpü düzəldilərək  od vurular, “yanar körpü” altından bütün kənd əhli, mal-qara, toyuq-cücə keçirilərmiş. “Püli-ənvəri” deyimi lüğətlərdə “nur körpüsü” deməkdir. Bu alovun insanların arzularını Tanrıya çatdırdığına inanan qədim adət idi.
Od sadəcə yandıran ünsür deyil, o, həm də dəyişdirən, saflaşdıran və yeni başlanğıca zəmin yaradan kosmik enerjidir. Bu mənada ərəblərin Anka, türklərin Zümrüdü-anka, iranlıların Simurq, Qərbdə isə Phoenix adı ilə tanınan “Od quşu” bu arxetipin ən parlaq təcəssümüdür. Türk mifoloji düşüncəsində Simurq həm də kosmik bilginin daşıyıcısıdır. Bu baxımdan od kainatın daxili hərəkət qanunu, Simurq isə bu qanunun poetik obrazıdır.
Beləliklə, “Kül çərşənbəsi”, “Külə çərşənbə”, “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Xız çərşənbə” və digər adlarla tanınan Od çərşənbəsi xalqımızın ruhunu saflaşdıran, arzularını Uca Tanrıya ünvanlayan və yeni ilin işıqlı, bərəkətli başlanğıcına inamı ifadə edən qədim bir ənənədir; bu müqəddəs od insanın iç dünyasında yenilənmə duyğusu oyadır, keçmişlə barışmağa və gələcəyə ümidlə addımlamağa çağırır. Qədim inaclarımızda  oda baxmaq sadəcə bir ənənə yox, həm də gələcəyi öyrənməyin bir yolu idi. Onunla bağlı bir çox çoxlu rituallar olubdur.  Hər çərşənbədə bayram  süfrəsinə  ailə üzvlərinin sayı qədər şam düzülər. İnanışa görə, bu şamların yanma müddəti hər bir ailə üzvünün ömrünü simvolizə edirdi. Şam tez sönərsə, ömür qısa, gec sönərsə, uzun hesab olunurdu. Bəzi bölgələrimizdə Od çərşənbəsində yanan tonqalın külünü  axar suya tökmək ənənəsi də var. “Kül odda yanır, dərd- bəla suda axıb gedir” deyə düşünərək ruhlarının yenilənməyinə inanırdılar. Başqa bir inanca görə bu külləri əkin sahələrinə, ağacların dibinə tökərdilər ki, torpağın canı qızsın və ya bərəkətli olsun. Türklərdə oda baxaraq fal açmaq çox qədim bir ənənədir.  Böyük hökmdarların xüsusi günləri olurdu və həmin gün onlar üçün böyük bir od qalayırdılar. Bu oda qurbanlar verilir və dualar oxunurdu. Alovun rənginə uyğun gələcək haqqında məlumat verərdilər. Əgər alov yaşılımtıl rəngdədirsə, bu, bolluq, bol yağış və yaxşı məhsul vəd edirdi. Qırmızı alov müharibənin, sarı rəng xəstəlik və taunun, qara alov isə hökmdarın ölümünün və ya uzaq səfərə çıxacağının xəbərçisi sayılırdı”.


Gövhər Mehyəddinova
Ədilə Hüseynzadə

 

#danışan #xəbər #dili #alovun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər