00:00:00
Yazar
Ayan Sədi
24.02.2026 13:16 48 2 dəq oxuma
Mədəniyyət

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əmir Teymurun daxili savaşı – “LƏNG” tamaşası təqdim olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əmir Teymurun daxili savaşı – “LƏNG” tamaşası təqdim olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümdə tamaşaçılarını fərqli formatlı layihə ilə salamlayacaq.

 

Teatrın repertuarına daxil edilən “LƏNG. Zamanla yarışan insan” tamaşasının premyerası martın 11-nə təyin edilib. Pərviz Seyidlinin müəllifi olduğu əsərin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.

 

Rejissor Bəhruz Vaqifoğlu tamaşa haqqında “İnformator.az”a bildirib ki, səhnə əsərinin mərkəzində dayanan Əmir Teymur obrazı bu dəfə fərqli rakursdan təqdim olunacaq:

 

“Məqsədimiz sadəcə fərqlilik yaratmaq deyil. Əmir Teymur obrazını monumental və yalnız tarixi miqyasda təqdim etmək istəmədim. Mənim üçün əsas məsələ onun daxili konfliktini açmaq idi. Ona görə də aktyor oyunu daha çox psixoloji xətt üzərində qurulub. Böyük savaşlar səhnədə deyil, insanın içində baş verir. Tamaşaçı bu dəfə bütləşdirilmiş hökmdar yox, qərarlarının ağırlığını daşıyan bir insan görəcək”.

 

Rejissorun sözlərinə görə, tamaşa tarixi rekonstruksiyadan daha çox, bir kimlik axtarışıdır:

 

“Mənim əsas baxış bucağım tarixi hadisəni səhnələşdirmək yox, tarixi şəxsiyyətin daxili qərar mexanizmini açmaq olub. Böyük gücə sahib olan insan tək qalanda özünü necə görür və hansı məsuliyyəti daşıyır? Bu layihədə həm də milli kimlik məsələsinə toxunmuşuq. Çünki milli kimlik yalnız şüar üzərində yox, daxili məsuliyyət və mənəvi seçim üzərində qurulur”.

 

Pantomima elementlərinin Milli Dram Teatrının səhnə düşüncəsi ilə sintezinə gəlincə, rejissor qeyd edib ki, bu, teatrın ümumi estetik çərçivəsi daxilində baş tutacaq:

 

“Mən Pantomima Teatrının rejissoru və aktyoru olsam da, bu tamaşada Akademik Milli Dram Teatrının simasını saxlamaq mənim üçün prinsipial məsələ idi. Quruluşda hərəkət və plastika müəyyən üstünlük təşkil edir, bu mənim düşüncə tərzimdən gəlir. Amma tamaşa yalnız fiziki ifadəyə söykənmir; mətn və söz üzərində qurulan psixoloji gərginlik əsas xətt kimi saxlanılıb”.

 

Qeyd edək ki, tamaşanın səhnə tərtibatı İsa Əsədova, geyim üzrə rəssamı Aygün Mahmudovaya, musiqi tərtibatı isə Azər Hacıəsgərliyə məxsusdur.

 

Lalə Əhməd

#milli #yeni #tamaşası #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər