“Azərbaycan dünya neft qiymətlərinin artımından əsas faydalanan ölkələr sırasındadır”-ŞƏRH
Avropa İttifaqının (Aİ) Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Çin Xarici İşlər Naziri Van Yi ilə qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi mövzusunda danışıb.
Mövzu ilə bağlı iqtisadi şərhçi Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazı səmərəli ehtiyat hasilat gücünün və qlobal neft bolluğu ilə bağlı uzun müddətdir mövcud olan inamı pozub:
“Əslində isə neft bazarları bir müddətdir ki, ciddi fiziki məhdudiyyətlərlə idarə edilir. Hörmüz boğazında yaranmış vəziyyət neft bazarlarının əslində çox məhdud ehtiyat hasilat gücü və kövrək tədarük zənciri ilə işlədiyini ortaya qoyub. Hətta Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü ilə Strateji Neft Ehtiyatlarından 400 milyon barel xam neftin aktiv istehlaka buraxılması ilə bağlı qərar belə artan neft qiymətlərini aşağı sala bilməyib. Çünki, Strateji Neft Ehtiyatlarından istehlaka buraxılacaq neft həcmləri fiziki neft bazarlarında yüngül-orta, ağır-ağır neft balansını tənzimləmək gücündə deyil. Bu uyğunsuzluq (tarazılığın pozulması), Asiya bazarlarındakı emal güclərində qabarıq şəkildə özünü biruzə verməkdədir. Ümumiyyətlə hazırkı enerji böhranı həm təbiətinə, həm də nəticələrinə görə əvvəlki enerji böhranlarından köklü şəkildə fərqlənir. Çünki o, artıq ənənəvi neft böhranı deyil, qlobal enerji sisteminin təməlinə təsir edən mürəkkəb neft böhranıdır. Belə ki, bu böhran vahid enerji dəhlizinin pozulması nəticəsində yaranmış böhrandır. Nəhayət, müharibə bitmədikcə və ya Hörmüz boğazının etibarlı şəkildə fəaliyyəti bərpa edilməsə,neft qiymətlərinin davamlı enişi mümkün deyil və qiymət enmələri tezliklə baş verməyəcək. Yaxın Şərqdə yaşananlar 841 milyard barel təsdiq olunmuş neft ehtiyatına malik 6 körfəz ölkəsinin, o cümlədən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İran, İraq və Omanın birlikdə böhrana qədər gündəlik 25,1 milyon barel hasilat həcmlərini təhdid altına alıb. Eyni zamanda körfəz ölkələrinin aktivində olan sutkalıq emal gücü 12,9 milyon barel olan 26-dan yuxarı neft emalı zavodunun fəaliyyəti pozulub. Yaxın Şərqdə davam edən gərginlik hərbi-siyasi durum Hörmüz boğazından gündəlik 17,8 milyon barel ticarət axınını durub. Hansı ki, bunun gündəlik 14,2 milyon bareli xam neft və kondensat təşkil edir. Hərbi əməliyyatların davam etdiyi 32 gün ərzində körfəz ölkələrinin gündəlik neft hasilatı 7,2 milyon barel azalıb və alternativ ixrac marşrutları olmayacağı təqdirdə hasilat azalması davam edəcək. Həm Yaxın Şərqdə həm də Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsi, neft bazarlarında qiymətlərinin yüksək olmasına səbəb olacaq. Təbii ki, yüksək neft qiymətləri Azərbaycanın ixrac neft markalarının qiymətinə də təsir edəcək. Hazırda Azərbaycana məxsus Azeri Light və BTC Blend ixrac neft markaları Brent etalon neft markasına nisbətdə CİF Augusto təslim şərti altında $12 /barel mükafatla satılır. Bu isə o deməkdir ki, hazırkı bazar şərtləri daxilində Azərbaycan dünya neft qiymətlərinin artımından əsas faydalanan ölkələr sırasındadır. Eyni zamanda Yaxın Şərqdə və Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsi qarşılığında Azərbaycanın aktivində olan ixrac güclərinin cəlbediciliyi artacaq”.
Aytac İbrahimova