Azərbaycan–Gürcüstan hərbi əməkdaşlığı Cənubi Qafqazın təhlükəsizliyinə necə təsir göstərəcək?
Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunması və mümkün hərbi təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında hərbi əlaqələrin gücləndirilməsi ortaq təhlükəsizlik maraqlarının qorunmasına, regionda sabitliyin möhkəmləndirilməsinə və kənar dövlətlərin mümkün müdaxilə cəhdlərinin qarşısının alınmasına necə təsir göstərə bilər? Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın milli təhlükəsizlik maraqlarının təmin olunmasına və regiondakı strateji mövqeyinin möhkəmləndirilməsinə hansı töhfəni verə bilər?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müasir dövrdə təhlükəsizlik məsələlərinin aktuallaşması bir çox dövlət qarşısında ciddi çağırışlar yaradır:
“Təbii ki, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın genişlənməsi hər iki ölkə üçün olduqca böyük əhəmiyyət daşıyır. Çünki müasir dünyada təhlükəsizlik problemlərinin ön plana çıxması hazırda bir çox ölkələr üçün ciddi çətinliklər yaradır. Azərbaycan və Gürcüstan arasındakı hərbi əməkdaşlıq da bu iki ölkənin ortaq təhlükəsizlik infrastrukturu baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, regionun bu iki dövlətinin hərbi əməkdaşlığı bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik infrastrukturu üçün də mühüm faktor rolunda çıxış edir”.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında hərbi əlaqələrin inkişafına yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərən amil kimi yanaşmaq lazımdır:
“Bütün bunları nəzərə aldıqda, bu prosesi yalnız Azərbaycan və Gürcüstan arasındakı hərbi əməkdaşlıq kimi deyil, həm də bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması prosesi kimi qiymətləndirmək olar. Hesab etmək olar ki, bu hərbi əməkdaşlıq regional təhlükəsizlik arxitekturasının tərkib hissəsi rolunda çıxış edə bilər. Regionun iki dövləti arasında hərbi əməkdaşlığın mövcud olması həmin regionda yaxın gələcəkdə əlavə hərbi qarşıdurmaların yaranmasını müəyyən qədər çətinləşdirir. Yəni kənar dövlətlərin Cənubi Qafqaza hərbi faktorlar üzərindən müdaxilə cəhdlərinin real nəticələr verməsi ehtimalı azalır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi ilə paralel olaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesinin də müsbət nəticələrə yaxınlaşması müşahidə olunur. Bu iki mühüm faktor Cənubi Qafqazı gələcəkdə hərbi qarşıdurma təhlükəsindən maksimum dərəcədə uzaqlaşdıra biləcək amillərdir”.
Gülnar Mustafayeva