Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir
Azərbaycan 2024-cü ildə Bakıda “İqlim fəaliyyəti naminə su” mövzusunda COP29 Bəyannaməsini irəli sürərkən məqsədimiz aydın idi - beynəlxalq iqlim gündəliyində su resurslarına daha güclü və davamlı yer qazandırmaq. “Bakı Dialoqu”nu “COP-dan COP-a platforması” kimi təsis etdik və öhdəlikləri elmi əməkdaşlıq, milli siyasət və praktiki icra ilə həyata keçirməyə çalışdıq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən ekoloq İlqar Xəlilovun sözlərinə görə,Azərbaycan su ehtiyatları məhdud olan ölkələr sırasına daxildir.
“Ölkənin yerüstü su ehtiyatları 27-31 milyard kub metr,yeraltı su ehtiyatları 9,0 milyard kub metr həcmində qiymətləndirilir.Bunu nəzərə alaraq Azərbaycanın su ehtiyatlarının səmərəli idarə edilməsi üzrə 2024-cü ildə Milli Strategiya təsdiq olunmuşdur.Stratrategiya 2024 və 2040-cı illəri əhatə edəcək.Su ehtiyatlarının səmərəli idarə edilməsində ən mühüm addım şirin suların itkilərinin 2030-cu ilə qədər 30 faiz,2040-cı ilə qədər isə 20 faiz azaldılması,suvarma suyunun itkilərinin isə müvafiq olaraq 30-10 faizə endirilməsi planlaşdırılır.Strategiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün həm yerli və həm də xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görülür.Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi də bu işlərin yerinə yetirilməsində mühüm amil olacaq.Sumqayıt sənayə parkının ərazisində sutkada gücü 300000 kub metr olacaq Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi həyata keçirilir.İşlərin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur".
Ekoloq bildirib ki,ümumiyyətlə,su ehtiyatlarının səmərəli idarə edilməsində ən mühüm amil itkilərinin qarşısının alınması üçün bütün boru xətlərinin,suvarma kanallarının yenilənməsi,kənd təsərrüfatında damcı suvarma sistemlərinin qurulması,sənayə sahəsində qapalı dövriyyə su sisteminin yaradılması,yağış sularının yaradılması,yağız sularının yığılması,çirkab sularının təmizlənməsi və təkrar istifadənin təmini yolu ilə mümkündür.
Ekoloq qeyd edib ki,Azərbaycanın yerüstü su ehtiyatlarının əsas hissəsini transsərhəd çaylarının suları təşkil edir.
“Bunun üçün Beynəlxalq hüquqi razılaşmalara əsasən qonşu ölkələrlə həmin çay sularının mühafizəsi və birgə istifadə edilməsi üçün dövlətlərarası müqavilələr bağlamaq lazımdır.Belə müqavilə Rusiya və İranla Azərbaycan arasında imzalanmışdır.Bunun nəticəsində Samur çayının sularından birgə istifadə olunur.Belə müqavilələrin Gürcüstan və Ermənistanla da bağlanması mühüm əhəmiyyət kəsb edir.Çünki Azərbaycan ərazisinə daxil olan Araz,Arpaçay,Oxçuçay və s.Ermənistan ərazisində,Kür,Qanıx,Qabırrı çaylarının suları isə Gürcüstan ərazisində həddindən artıq çirklənməyə məruz qalır ki,həmin çay sularının mühafizəsi və birgə istifadə edilməsi məsələsi gündəmdə saxlanılmalıdır”.
Şəbnəm Pənahova