Azərbaycan-Gürcüstan əlaqələrində yeni müzakirələr
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Gürcüstana işgüzar səfərə gəlib. Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və digər rəsmi şəxslər qarşılayıblar.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın baş nazirinin Gürcüstana səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar yaradacaqdır:
“Gürcüstanda yaşayan azərbaycanlıların təhsil keyfiyyətinin artırılması və Azərbaycan dilinin tədrisi sahəsində mövcud olan bəzi maneələrin aradan qaldırılması vacib məsələlərdəndir. Gürcüstandan əldə edilən məlumatlara görə, Azərbaycan dili dərslərinin sayı azaldılır, Azərbaycan ədəbiyyatına az yer ayrılır. Bu da milli kimliyin və Azərbaycan dilinin zəif inkişaf etməsinə gətirib çıxarır. Gürcüstandakı azərbaycanlıların İrandan və digər ərəb ölkələrindən gələn müxtəlif təsirlərə məruz qalması, bir qisminin radikal məzhəbləri mənimsəməyə yönəlməsi yolverilməzdir. Çox arzuolunandır ki, baş nazirlər bu məsələni də müzakirə edərək müvafiq qərarlar qəbul etsinlər”.
Deputat hökumətlərarası komissiyanın iclasında müzakirəyə çıxarılacaq əsas istiqamətləri belə diqqətə çatdırıb:
“Birincisi, əlavə qaz təchizatı ilə bağlı əldə olunmuş razılaşmanın icrası məsələsi. İkincisi, dəmir yolu nəqliyyatı və kommunikasiya xətləri üzrə əməkdaşlığın real vəziyyətinin yoxlanılması və imkanların nəzərdən keçirilməsi. İlkin mərhələdə sadəcə 3 milyon ton yükdaşıma nəzərdə tutulurdusa, hazırda potensial yük 30 milyon tondan çoxdur. Buna görə də həm Gürcüstan, həm də Azərbaycan dəmir yollarının yükötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə edilə bilər.Üçüncüsü, yükdaşımalar artdıqca və intensivləşdikcə bürokratik maneələrin aradan qaldırılması, vahid gömrük və vahid elektron keçid sisteminin qurulması zərurəti yaranır. İki ölkə arasında müzakirə olunacaq əsas məsələlərdən biri də bu əlaqələrdə rəqəmsallaşma mərhələsinin sürətləndirilməsidir".
Fidan Alışova