Rusiya Ukraynada dəmiryol vağzalına dronla hücum edib: azı 14 nəfər həlak olub
Ukraynanın mərkəzində yerləşən Dnipro şəhərinin əsas dəmiryol vağzalında sərnişinlərin sıx olduğu platformaya Rusiyaya məxsus reaktiv mühərrikli dronun zərbə endirməsi nəticəsində azı 14 nəfər həlak olub. Bu barədə yerli rəsmilər məlumat veriblər.
Dnepropetrovsk vilayətinin rəhbəri Oleksandr Hanzhanın sözlərinə görə, hücum nəticəsində azı 14 nəfər yaralanıb. Yaralılar arasında 11 yaşlı oğlan da var.
Ukraynanın dövlət dəmir yolu operatoru “Ukrzaliznytsia”nın məlumatına görə, zərbə endirilən zaman Dnipro vağzalının platformalarından birində cənubdakı Zaporojye şəhərinə gedən sərnişin qatarı dayanıb.
Rusiya hərbçiləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər. Moskva Ukraynanın geniş dəmir yolu şəbəkəsinə dəfələrlə zərbələr endirsə də, mülki əhalini qəsdən hədəfə aldığını inkar edir.
“Ukrzaliznytsia” şirkətinin rəhbəri Oleksandr Pertsovskinin sözlərinə görə, cümə axşamı baş verən hücumdan əvvəl Dniproda təhlükə səviyyəsi yüksəldilmişdi. Buna baxmayaraq, dron zərbə endirən zaman platformada çoxlu sayda insan olub.
“Lakin təəssüf ki, platformada yenə də çoxlu sayda insan var idi”, – deyə o bildirib.
Dnipro şəhərinin meri Borys Filatov hadisəni faciə adlandırıb və dronun mülki elektrik qatarına dəydiyini qeyd edib.
Ukraynanın xilasetmə xidmətinin yaydığı fotolarda platformada baş verən dağıntılar, zərbə nəticəsində zədələnmiş və şüşələri sınmış qatar, eləcə də yerdə uzanan, üzləri bulanıqlaşdırılmış meyitlər görünür.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya adi şəhərətrafı qatarın və sərnişin qatarının dayandığı platformaya dronla hücum edib.
Zelenski hadisədən sonra ABŞ-ı, Avropa ölkələrini və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. O, həmçinin ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında bu ayın əvvəlində əldə edildiyi bildirilən və Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılmasını nəzərdə tutan mübahisəli razılaşmanı yenidən tənqid edib. Həmin razılaşmanın ABŞ-a Rusiyadan dizel yanacağı idxal etməyə imkan verdiyi bildirilir.
Çerniqov şəhərinə hücumda iki yeniyetmə qız həlak olub
Ukraynanın şimalında yerləşən Çerniqov şəhərinin mərkəzinə Rusiyanın raket zərbəsi endirməsi nəticəsində 15 yaşlı iki qız həlak olub. Vilayət rəhbəri Vyaçeslav Çausun sözlərinə görə, azı 11 nəfər də yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Bu hücumlar Rusiyanın 2022-ci ildə işğal etdiyi və mühasirədə saxladığı Oleşki şəhərində kövrək atəşkəsin qorunmasına yönəlmiş səylərin davam etdiyi bir vaxta təsadüf edib. Məlumata görə, şəhər sakinləri ərzaq, su, dərman və elektrik enerjisi çatışmazlığı ilə üzləşirlər.
Ukraynanın insan hüquqları üzrə ombudsmanı Dmitro Lubinets “Telegram” kanalında yerli atəşkəsin üçüncü günündə də qüvvədə qaldığını bildirib. O, Oleşkiyə getmək üçün Ukrayna nümayəndə heyəti ilə birlikdə Belarus və Rusiya ərazisindən keçən marşrut üzrə yola çıxdığını qeyd edib.
Moskva Ukraynanın dron hücumlarını pisləyib
Rusiya-Afrika Sammitinin keçirildiyi vaxt Kremlin Moskva istiqamətində Ukrayna dronlarının hücumlarını pislədiyi bildirilir. Bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
İki gün davam edən sammitdə 48 ölkədən olan Afrika liderləri və hökumət nümayəndə heyətləri iştirak edirlər.
Moskva meri bildirib ki, gecə ərzində region istiqamətində 613 Ukrayna dronu buraxılıb. Onun sözlərinə görə, dronların əksəriyyəti uçuş zamanı vurularaq məhv edilib.
Rusiya Müdafiə Nazirliyi Ukraynada mülki şəxsləri hədəfə aldığını daim inkar edir. Nazirliyin açıqlamalarına görə, dəmir yollarına endirilən zərbələr hərbi qulluqçuların və hərbi texnikanın daşınmasında istifadə olunan infrastruktura yönəlib.
Ukraynanın dəmir yolu infrastrukturuna hücumlar artıb
Dəmir yolu infrastrukturuna hücumlar sərnişinlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Ukraynanın qatarlarına və dəmiryol vağzallarına hücumların sayında kəskin artım qeydə alınıb.
AFP xəbər agentliyinə “Ukrzaliznytsia” tərəfindən təqdim olunan statistikaya əsasən, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynada 521 lokomotiv hücuma məruz qalıb. Onların təxminən 60 faizi cari ilin payına düşür.
Dəmir yolu obyektlərinə qarşı hücumların ümumi sayı da artıb. Məlumata görə, 2025-ci ildə bu göstərici 1 206 olduğu halda, cari ildə indiyədək 1 700-ə çatıb.
Son həftələrdə Ukraynanın infrastrukturuna qarşı hücumların daha da intensivləşdiyi bildirilir. Kiyevdə iki körpüyə zərbə endirilib. Hücumlardan biri zamanı metro qatarı da zədələnib.
BBC News
Gülnar Mustafayeva