00:00:00
Yazar
Zəri Bayramlı
28.05.2026 18:14 26 2 dəq oxuma
Siyasət

Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ: dostluq daha da güclənir

Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ: dostluq daha da güclənir

Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri güclənir. Bunu Tiflis Cümə məscidində Qurban bayramı münasibətilə keçirilən tədbirdə ölkə prezidenti Mixail Kavelaşvili müsəlman icmasını təbrik edərkən deyib.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələri 90-cı illərin ikinci yarısından demək olar ki, qarşılıqlı etimada və əməkdaşlığın gücləndirilməsinə doğru daha da möhkəmlənməyə başlayıb:

 

"Həmin dövrdən etibarən Heydər Əliyev və Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnadzenin formalaşdırdığı yeni əməkdaşlıq platforması dövlətlərarası münasibətlərin təməlini qoyub. Bu strateji xətt təkcə iki ölkə arasında əlaqələrin qurulmasını deyil, həm də regionun geosiyasi və geoiqtisadi potensialından daha qlobal miqyasda faydalanmağı nəzərdə tutub. Burada əsas məqsəd qlobal güclərin maraqları ilə regionun resurslarını, xüsusilə də logistik imkanlarını qarşılıqlı şəkildə uzlaşdırmaqdır. 1994-cü ildə imzalanan əsrin müqaviləsinin əsasında həyata keçirilən neft kəmərlərini və ardınca qaz kəmərini, Bakı - Tiflis - Qars dəmir yol xəttinin istifadəyə verilməsini biz  göstərə bilərik. Həmin dövrdən etibarən Azərbaycan və Gürcüstan hakimiyyətləri arasında yaranan qarşılıqlı əməkdaşlıq və etimad münasibətləri sayəsində hər iki ölkənin  əməkdaşlığı tək iki ölkə maraqlarına deyil, həm də hər iki ölkənin birgə resurslarından faydalanmaqla regionun qlobal layihələrdə bir keçid imkanlarından da istifadəsi faydalı olub".

 

Politoloq həmçinin qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli tərəfdaşlığının formalaşması, eləcə də Avropa İttifaqı platforması çərçivəsində regional əlaqələrin qurulması bu iki ölkənin münasibətlərini iki qonşu dövlət arasında nümunəvi əməkdaşlıq səviyyəsinə qaldırılıb:

 

"Son dövrlərdə isə yenidən hazırki Gürcüstan hakimiyyəti ilə Azərbaycan dövlətlərarası münasibətlərin daha da yaxşılaşdırılması baxımından bir sıra vacib addımlar atılıb. Bu kontekstdə, uzun illərdir qapalı olan quru sərhədlər şəraitində Bakı-Tbilisi dəmir yolu xəttinin bərpa edilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Gürcüstan prezidentinin ölkədə yaşayan azərbaycanlıların və digər müsəlmanların Qurban bayramı tədbirlərinə qatılması da bu dostluq və tərəfdaşlıq münasibətlərinə verilən növbəti böyük töhfədir.Şübhəsiz ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığı Cənubi Qafqaz regionunda digər güclərin müdaxilə imkanlarını neytrallaşdırır və regionun özünü bir tərəf kimi qlobal güclərlə bərabər hüquqlu bir masa arxasında əyləşməyə şərait  yaradır. Eyni zamanda Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə qurulması və qorunub saxlanması, son zamanlar Ermənistanda Nikol Paşinyan hakimiyyətinin də bu formata uyğun davranışı ilə Cənubi Qafqazı kənar güclərin maraqlarının girovuna çevirmədən - vahid bir region kimi təmsil etmək üçün ciddi təməl və təminatdır. Və inanıram ki, gələcəkdə bu əməkdaşlıq bütövlükdə Cənubi Qafqazın özünü dünyanın digər güc mərkəzləri ilə münasibətdə nümunəvi bir model kimi təqdim etməsinə fayda verəcək”.

 

Günel Əlili

#xəbər #yeni #dostluq #daha #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər