00:00:00
Yazar
Zəhra Həsənova
27.02.2026 20:47 19 2 dəq oxuma
İqtisadiyyat Özəl

Azərbaycan ilə Özbəkistan arasında neft-qaz sektorunda əməkdaşlıq yeni səviyyəyə qalxır

Azərbaycan ilə Özbəkistan arasında neft-qaz sektorunda əməkdaşlıq yeni səviyyəyə qalxır


“SOCAR Trading” və “SOCAR Downstream Management” şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsi qeyd edilib. İki ölkənin dövlət başçıları arasında siyasi dialoqun neft və qaz sektorunda iqtisadi əlaqələrin intensivləşməsinə töhfə verdiyi vurğulanıb.

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, layihələrin uğuru həm iqtisadi əsaslandırmadan, həm də siyasi mühitdən birbaşa asılıdır:

 

"Bu işlər müsbət nəticə verərsə, təbii ki, bu, Azərbaycan üçün faydalı olacaq. Əks halda, görülən işlərə və çəkilən xərclərə görə layihə zərərlə nəticələnə bilər. Yəni hazırkı mərhələ ehtimallardan ibarətdir. Ehtimal olunur ki, layihədə birbaşa iştirak edən tərəflər daha geniş məlumata malikdir və risk səviyyəsini daha dəqiq qiymətləndirə bilirlər. Bu baxımdan görülən işlərin şəffaflığı xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, ölkənin neft sektorunda həyata keçirilən bəzi fəaliyyətlər yetərincə şəffaf aparılmır. Şəffaflıq olmadıqda isə bu layihələrin həqiqətən milli maraqlara xidmət edib-etmədiyini müəyyənləşdirmək çətinləşir. Belə hallarda bəzən ümumi maraqlardan daha çox dar qrup maraqlarının üstün tutulduğu barədə şübhələr yaranır".

 

Müsahib bildirib ki, əgər proseslər açıq və hesabatlı şəkildə aparılsa, cəmiyyət daha inamla deyə bilər ki, Azərbaycanın Özbəkistana yönəldilən investisiya iqtisadi baxımdan əsaslandırılmış qərardır və gələcəkdə real gəlir gətirəcək:

 

"Belə halda bu cür təşəbbüslərə ictimai dəstək də daha güclü olar. Lakin şəffaflıq olmadıqda layihənin mahiyyəti, məqsədi və motivləri barədə dəqiq fikir formalaşdırmaq mümkün olmur. Bəzi hallarda hətta iqtisadi baxımdan səmərəsiz ola biləcəyi əvvəlcədən məlum olan layihələrə belə investisiya qoyuluşu ehtimalı istisna edilmir. Çünki beynəlxalq investisiyaların effektivliyi barədə geniş və sistemli hesabatlılıq təqdim edilmir. Bu isə ya layihələrin uğursuz olduğunu, ya da risklərin əvvəlcədən nəzərə alınmadığını düşünməyə əsas verir. Bu kontekstdə Özbəkistan istiqamətində atılan addımların avantürist qərar, yoxsa rasional investisiya strategiyası olduğu zamanla aydınlaşacaq. Layihənin regional bazara təsiri, enerji təhlükəsizliyinə töhfəsi və ümumilikdə iqtisadi nəticələri həm müsbət, həm də mənfi ola bilər. Bu nəticələr əsasən qərarların hansı prinsiplərlə qəbul edilməsindən asılıdır".


Müsahib bildirib ki, siyasi dialoq da enerji layihələrinin taleyinə ciddi təsir göstərir:


"Xüsusilə, Özbəkistan kimi ölkələrdə iri investisiya təşəbbüslərinin reallaşması üçün siyasi rəhbərlik səviyyəsində dəstək mühüm rol oynayır. Hüququn aliliyinin tam təmin olunmadığı mühitdə investorlar müxtəlif risk və təzyiqlərlə üzləşə bilərlər. Belə şəraitdə layihələrin təhlükəsizliyi daha çox siyasi iradədən asılı olur. Bu səbəbdən iqtisadi əməkdaşlıqla yanaşı siyasi münasibətlərin səviyyəsi də enerji sahəsində tərəfdaşlığın davamlılığı üçün vacib amil hesab olunur. Layihələrin uğuru həm iqtisadi əsaslandırmadan, həm də siyasi mühitdən birbaşa asılıdır".

Səmayə Səftərova

#yeni #gündəm #baki #neft-qaz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər