00:00:00
Yazar
Aysel Mirzəyeva
19.03.2026 20:27 98 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan investorlar üçün daha cəlbedici məkana çevrilir

Azərbaycan investorlar üçün daha cəlbedici məkana çevrilir

İsveçrənin Azərbaycana birbaşa investisiyalarını son dövrdə 5 dəfə artırması iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, bu dinamika Azərbaycanın investisiya cəlbediciliyinin artdığını və beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyinin gücləndiyini nümayiş etdirir:

 

“Ölkədə makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar, vergi və gömrük sistemində şəffaflığın artırılması investisiya artımını şərtləndirən əsas amillərdəndir. Bununla yanaşı, Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi də xarici investorlar üçün əlavə üstünlüklər yaradır. Bu faktorlar ölkəyə marağı artırır və investisiya axınını stimullaşdırır. Artan investisiyaların bir sıra sahələrə birbaşa təsiri gözlənilir. İlk növbədə maliyyə-bank sektoru, sənaye, yüksək texnologiyalar, kənd təsərrüfatı və emal sənayesi kimi istiqamətlərdə canlanma müşahidə oluna bilər. Bu isə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun güclənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək”.

 

Ekspertin sözlərinə görə, bu tendensiya iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə səbəb olacaq:

 

“İnvestisiya axınının genişlənməsi Azərbaycan ilə İsveçrə arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə şərait yaradır. Bu təkcə maliyyə deyil, həm də texnologiya transferi, innovasiya mübadiləsi və ticarət dövriyyəsinin artması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, bu proses Azərbaycanın dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelinin formalaşmasına xidmət edir”.


Ayşə Müzəfərli

#azərbaycan #cəlbedici #daha #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər