Azərbaycan iqtisadiyyatına yeni investisiya imkanları
Azərbaycan ilə ABŞ-nin Goldman Sachs şirkəti arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, görüş şirkətin Aktivlərin və sərvətin idarəedilməsi bölməsinin qlobal rəhbəri Met Qibsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilib.
İqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bu əməkdaşlıq yeni texnologiyaların tətbiqi üçün də geniş imkanlar açır:
“Goldman dünyanın aparıcı şirkətlərindən biridir və Azərbaycanla sözügedən qurum arasında əməkdaşlığın qurulması birmənalı şəkildə ölkə iqtisadiyyatına yeni sərmayələrin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusən də texnoloji yeniliklərin tətbiqi istiqamətində bu əməkdaşlıq vacibdir. Burada biznes mühitinin qiymətləndirilməsi və strateji tərəfdaşlıq sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Müvafiq addımlar investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaqla yanaşı, yeni texnologiyaların tətbiqi üçün də geniş imkanlar açır. Bu tərəfdaşlıq Azərbaycan və ABŞ arasındakı iqtisadi əlaqələrin dərinləşməsinə xidmət etməklə yanaşı, investisiya mühitinin daha da yaxşılaşdırılmasına və aktivlərin idarə edilməsi sahəsində qabaqcıl təcrübələrin tətbiqinə şərait yaradacaq. Ümumilikdə, bu anlaşma Azərbaycan iqtisadiyyatı üçün olduqca faydalıdır və qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verə bilər”.
Aydan Əsgərxanlı
