Azərbaycan-Laos biznes-forumu keçiriləcək
İqtisadi əlaqələrin genişləndirilməsi hədəflənir
Bakıda Azərbaycan-Laos biznes-forumunun keçirilməsi nəzərdə tutulur. Forumun iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə, yeni biznes tərəfdaşlıqlarının qurulmasına imkan yaradacağı gözlənilir.
Mövzu ilə bağlı politoloq Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, biznes-forum Azərbaycanla Laos arasında iqtisadi əlaqələrin inkişafı və ticarət dövriyyəsinin artırılması baxımından əhəmiyyətli addım ola bilər. Onun sözlərinə görə, indiyədək iqtisadi münasibətlərin zəif olması qarşılıqlı bazarlar və biznes imkanları barədə məlumatlılığın məhdudluğu ilə bağlıdır.
“Azərbaycanın Laosla ticarət dövriyyəsi 2023-cü ildə təxminən 217 min dollar, 2024-cü ildə isə 234 min dollar olub. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 265 min dolları ötüb. Bu rəqəmlər iqtisadi əlaqələrin hələ ilkin mərhələdə olduğunu göstərir”.
Politoloq qeyd edib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının, emal olunmuş ərzağın və müəyyən sənaye məhsullarının Laos bazarına çıxarılmasında maraqlı ola bilər. Yaşıl enerji sahəsində təcrübə mübadiləsi və investisiya imkanları da müzakirə oluna bilər. Bununla belə, real nəticələr əldə etmək üçün konkret məhsullar, alıcılar, investisiya layihələri və maliyyələşdirmə mexanizmləri müəyyənləşdirilməlidir.
Akif Nəsirlinin sözlərinə görə, Laosun ASEAN üzvü olması Azərbaycan şirkətləri üçün əlavə imkanlar yarada bilər. ASEAN-ın regional iqtisadi inteqrasiyası Azərbaycan şirkətlərinin Cənub-Şərqi Asiya bazarlarına çıxış perspektivləri baxımından əhəmiyyət daşıyır.
Politoloq hesab edir ki, biznes-forumun nəticələri imzalanan sənədlərin sayından daha çox, sonradan həyata keçirilən müqavilələr və real ticarət göstəriciləri ilə ölçülməlidir. Onun fikrincə, konkret razılaşmalar əldə olunarsa, Azərbaycan-Laos iqtisadi əlaqələri yeni mərhələyə keçə bilər. Əks halda, tədbir diplomatik münasibətlərin möhkəmləndirilməsinə töhfə versə də, ticarət dövriyyəsində ciddi artıma səbəb olmaya bilər.