00:00:00
Yazar
Ayan Sədi
25.02.2026 21:40 31 3 dəq oxuma
Mədəniyyət

"Xaosda harmoniya axtarıram, əsərlərimdə də onu göstərirəm" – Rəssam Vüqar Quliyev

 "Xaosda harmoniya axtarıram, əsərlərimdə də onu göstərirəm" – Rəssam Vüqar Quliyev

"Nine Senses" İncəsənət Mərkəzində Azərbaycan əsilli amerikalı rəssam, beynəlxalq mükafatlar laureatı Vüqar Quliyevin "Dönüş nöqtəsi" adlı fərdi sərgisinin açılışı olub. Sərginin kuratoru Sofiya Frankdır. Martın 21-dək davam edəcək ekspozisiyada müəllifin 10 rəsm əsəri nümayiş olunur ki, bunların da əksəriyyəti ilk dəfə ictimaiyyətə təqdim edilir.

 

Sərginin kuratoru Sofiya Frank "İnformator.az"a açıqlamasında layihənin təşkilində əsas məqsədinin rəssamın beynəlxalq uğurlarını vətənində bölüşmək olduğunu bildirib:

 

"Etiraf edim, əsas məqsədim uzun illərdir dostluq etdiyim Vüqar Quliyevin Amerika Birləşmiş Ştatlarında mükafat qazanmış möhtəşəm əsərlərini Bakı tamaşaçısına canlı nümayiş etdirmək idi. Çox istəyirdim ki, Amerikada mükafat qazanmış əsərlərini biz də canlı görək. Rəssamın yaradıcılığında bizə ötürmək istədiyi fikirləri bilirdim və buna görə də "Dönüş nöqtəsi" adlı sərgini təşkil etdim. "Dönüş nöqtəsi" insanların həyatındakı kritik anlarda işıqlı tərəfə keçməsindən bəhs edir. Rəssamın əsərlərində gərgin süjet xətti olsa da, biz orada mütləq ümid və işığı hiss edirik".

 

Rəssam Vüqar Quliyev də "İnformator.az"la bölüşüb. Vüqar Quliyev öz yaradıcılığında xatirələrin insan kimliyini formalaşdıran əsas amil olduğunu və onların zamanla necə transformasiyaya uğradığını araşdırır. Rəssamın sözlərinə görə, istifadə etdiyi çoxqatlı texnika və rəng kontrastı məhz bu ideyanın ifadə vasitəsidir: 

 

"Düşünürəm ki, insanın həyatında ən dəyərli olan və onun kimliyini formalaşdıran da xatirələrdir. Mən öz əsərlərimdə məhz xatirələrin bizim tərəfimizdən necə qavranıldığını araşdırıram.

Bu yaradıcılığımda əsas olan ideyadır. Çoxqatlılıq texnikası və rənglərin xüsusi oyunu ilə müşayiət olunan özünəməxsus nöqtələr yalnız bu ideyanın ifadə vasitəsidir.

Zaman keçmişdə qalmış müxtəlif hadisələrə münasibətimizi dəyişir. Bizi formalaşdıran hadisələrin özü deyil, artıq xatirəyə çevrilmiş hadisələri necə qavradığımızdır. Şüurumuzda mövcud olan və qavrayışımıza təsir edən zaman isə bir matrisa kimi qəbul edilə bilər".

 

Rəssam həmçinin əsərlərindəki vizual xaosun arxasındakı harmoniya axtarışından və istifadə etdiyi texniki alqoritmlərin mahiyyətindən bəhs edib:

 

"Xaosda harmoniya axtarıram, əsərlərimdə də onu göstərirəm. Xaos ardıcıllığın olmamasında təzahür edir və mən ardıcıllığa o qədər də rəğbət bəsləmirəm. Niyətim ziddiyyətli rənglərdə, formalarda və obrazlarda harmoniya tapmaqdır. Sərgidə rəssam dostlarımın səsləndirdiyi fikirlərini nəzərə alsaq, bunu bacardığımı deyə bilərəm.

Mənim əsərdə əlavə etdiyim hər qatın öz alqoritmi var. Bu alqoritm çox kövrəkdir və əsərin hər detalında özünü göstərir. Dəqiqliklə yoxlanılmış nöqtələr efemerlik effekti yaradır. Lakin nöqtələrlə yanaşı, dünyada hər şeyin ötəri olmadığını xatırladan statik formalar da mövcuddur. Mən əsərdə titrəyiş, vibrasiya yaradıram. Zamanın təsiri altında, yaş artdıqca xatirələr dəyişə biləcəyini göstərmək istəyirəm."

 

Qeyd edək ki, Vüqar Quliyev 1984-cü ildə Azərbaycanda anadan olub, Əzim Əzimzadə adına İncəsənət Kollecinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Cənubi Koreya, Almaniyada qrup sərgilərində iştirak etmiş, 2016-cı ildə Parisdə fərdi sərgisi keçirilmişdir.

 

Lalə Əhməd

#baki #gündəm #vüqar #quliyev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər