00:00:00
Yazar
Aysel Mirzəyeva
26.02.2026 00:09 84 10 dəq oxuma
Mədəniyyət Özəl

Bir gecənin qaranlığında sönən ömürlər - XOCALI

Bir gecənin qaranlığında sönən ömürlər - XOCALI

Xocalı - bir gecədə susdurulan səslərin, yarımçıq qalan ömürlərin və yaddaşımıza qanla yazılan bir faciənin adıdır. 1992-ci il fevralın 26-da günahsız insanlar yalnız öz torpağında yaşamaq istədikləri üçün amansızlıqla qətlə yetirilib, ailələr parçalanıb, bir şəhər xəritədən silinmək istənib. İşgəncə verilməklə öldürülənlərin sayı 613 nəfər, müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 487 nəfər, girov götürülərək işgəncələrə məruz qalanların sayı 1275 nəfər olub. Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Tamamilə məhv edilən ailələrin sayı isə 8 olaraq qeydə alınıb. Valideynlərindən birini itirən uşaqların sayı 130, valideynlərinin hər ikisini itirən uşaqların sayı isə 25 olub. Xocalı təkcə tarix deyil - bu, hər bir azərbaycanlının qəlbində yaşayan ağrı, ədalətə səsləyən haraydır. Onu xatırlamaq keçmişə qayıtmaq yox, şəhidlərin ruhu qarşısında borcumuzu yerinə yetirməkdir: unutmamaq və unutdurmamaq.

 

Əlif Hacıyev 1990-cı ildə doğma Xocalıya qayıdaraq Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində və Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərdi, erməni millətçilərinə qarşı mübarizəsini qətiyyətlə davam etdirdi. Həmin ilin dekabrında yenidən daxili işlər orqanlarında xidmətə bərpa olundu və Xocalı hava limanının xətt daxili işlər bölməsinə rəis, eyni zamanda hava limanının komendantı təyin edildi. Göstərdiyi xidmətlərə görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi verildi.

 

Xocalı hava limanının strateji əhəmiyyətini yaxşı anlayan düşmən qüvvələri bu mühüm mövqeni ələ keçirməyə çalışırdı. Xankəndidən içərisində silahlı erməni döyüşçüləri olan iki avtobus hava limanına gələrək ərazini mühasirəyə aldı və axşam saat 10-a qədər oranı boşaltmaq üçün ultimatum verdi. Həmin vaxt hava limanında cəmi 30-a yaxın azərbaycanlı əməkdaş növbədə idi. Vəziyyətin son dərəcə çətin olmasına baxmayaraq, Əlif Hacıyev böyük hərbi məharət və soyuqqanlılıq göstərdi. O, binadakı otaqlardan birində səsgücləndirici vasitəsilə müxtəlif “batalyonlara” döyüş əmrləri verirmiş kimi göstərişlər səsləndirdi. Düşmən tərəfi hava limanında böyük hərbi qüvvənin olduğunu zənn edərək geri çəkilməyə məcbur oldu. Bu hadisə Əlif Hacıyevin Xocalının müdafiəsində necə cəsarətlə, ağılla və son nəfəsinə qədər vuruşduğunu göstərən parlaq nümunələrdən biridir. O, doğma şəhərinin təhlükəsizliyi və xalqının həyatı naminə mübarizə apararaq qəhrəmanlıq tariximizə adını qızıl hərflərlə yazdı.

Çingiz Mustafayev Xocalıda baş verən qətliamı dünyaya çatdırmaq üçün həyatını təhlükəyə ataraq iki dəfə hadisə yerinə getməyə nail oldu. Ermənistan silahlı qüvvələrinin amansız atəşi altında helikopterlə qrup halında əraziyə enən jurnalist qarla örtülmüş sahələr boyunca uzanan yüzlərlə günahsız insanın cəsədini lentə aldı. Onun kamerası yalnız görüntünü deyil, bir xalqın faciəsini, səsi isə gördüklərinin ağrısını və hönkürtüsünü tarixə köçürdü. Çəkdiyi kadrlarda o, qətliamın dəhşətlərini belə təsvir edirdi:

 

“Ölənlər arasında 2 yaşdan 15 yaşadək onlarla uşaq, qadın və qoca var idi. Əksəriyyətinin alnından yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti göstərirdi ki, insanlar soyuqqanlılıqla, qəsdən öldürülüb: nə mübarizə, nə də qaçmağa cəhd izləri var idi. Bəziləri kənara çəkilərək tək-tək güllələnmiş, bəzi yerlərdə isə bütöv ailələr məhv edilmişdi. Bir çox cəsəddə bir neçə yara izi var idi və hər dəfə ölümcül güllə baş nahiyəsinə tuşlanıb”.

Bu kadrlar Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynadı və Çingiz Mustafayevin adını Azərbaycan jurnalistikasının qəhrəmanlıq salnaməsinə yazdı. 1992-ci il iyunun 15-də Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərin çəkilişi zamanı mərmi qəlpəsi ona dəyərək həyatına son qoydu. Lakin o an belə kamerası çəkməkdə davam edirdi - sanki həqiqət susmasın deyə…

 

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Çingiz Fuad oğlu Mustafayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

 

34 il bundan əvvəl ailəsi ilə birlikdə əsir götürülən Mürvət Məmmədov “İnformator.az”a bildirib ki, altı gün ermənilərin işgəncələrinə məruz qalıblar:

 

“Atam Məmməd, böyük qardaşlarım Söhbət və Möhlət də Xocalıdakı könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Xocalıya gələn sonuncu vertolyot vurulduqdan sonra şəhərin hava əlaqəsi tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, qazsız, susuz, ərzaqsız şəraitdə, düşmənin atəşi altında çətinliklə yaşayırdı, amma bir nəfər də şəhəri tərk etmirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə atışma heç səngimədi. Biz xocalılar orada bütün işgəncələrə qatlaşdıq. Evimizə əl qumbarası atıldı. Mən ayağımdan, anam isə kürəyindən yaralandı. Amma heç birimiz ermənilərə boyun əymədik. Heç vaxt yadımdan çıxmaz ki, həmin gün balaca qardaşımın doğum günü idi. Ermənilər bunu bildilər. Ona dedilər ki, “silah versək, atarsan?” O da “hə” dedi. Avtomatın lüləsini əlinin içinə qoyub atəş açdılar və dedilər ki, bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun. Anam yaralı olmasına baxmayaraq, girovluqda özünü bizə sipər edirdi, bizi qorumağa çalışırdı. Bir həftə Əsgəran polis şöbəsində ermənilər tərəfindən insanlığa sığmayan işgəncələr gördük. Bir həftə sonra girov saxlanıldığımız otağın qapısını açdılar, bizi təpikləyərək çölə çıxardılar. Daha sonra avtobusa mindirib Ağdamla Əsgəran arasındakı sərhədə gətirdilər. Milli qəhrəman Allahverdi Bağırovun köməyi ilə 80 nəfər yaralı azərbaycanlı əsir və girov ermənilər tərəfindən döyüşdə həlak olmuş şəxslərin meyitləri ilə dəyişdirildi. Həmin 80 yaralıdan beş nəfəri mənim ailə üzvüm idi. Lakin sonradan öyrəndik ki, qardaşlarımı və atamı öldürüblər. Artıq Xocalımız azaddır. Anamla birlikdə Xocalıya gedərkən Ağdamda bizi girovluqdan azad edən milli qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edib ruhuna dualar oxuduq. Vaxtilə işgəncə gördüyümüz, şəhidlərimizin qanı ilə suvarılan müqəddəs torpağa yenidən qədəm basdıq. Xocalının dağlarına, düzlərinə, meşələrinə baxdım. Biz heç vaxt ümidimizi itirmədik. Bilirdik ki, bir gün torpaqlarımız mütləq azad olunacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ali baş komnadanımızın sayəsində artıq Xocalıya əbədi qayıtdıq”.


Xocalı faciəsi zamanı atasını itirən (müsahiblərdən biri) vurğulayıb ki, faciənin baş verdiyi gün doğulub:

 

“O gün həm mən dünyaya gəlmişəm, həm də atam şəhid olub. Xocalıda çox insanlar həyatını itirdi, şəhər dağıldı, evlər yandı. Hər il o günü xatırlayanda ürəyim ağır olur, həm də atamı itirdiyim üçün kədərim ikiqat olur. Atamı heç vaxt görməmişəm, amma bilirəm ki, o qəhrəmandır. Xocalı mənim üçün təkcə tarix deyil, həm də həyatımdakı ən böyük acıdır. Mən onun yoxluğunu hər zaman hiss etmişəm və onun adını yaşatmağa çalışıram”.


Xocalı faciəsinin şahidi olan Səadət Zeynalova öz xatirələrində qeyd edib ki, 1992-ci ilə - faciə baş verən günə qədər Xocalıda yaşayıb:

 

“Son günə qədər şəhərdə qalan tibb bacılarından biri də mən idim. Faciə baş verən gecə biz Xocalıda idik. Axşamlar hamı zirzəmilərə yığışırdı. Səhər açılan kimi isə hər kəs öz işinə gedirdi. Cavan oğlanlarımız postlarda dayanıb şəhəri qoruyurdular. Biz doğma torpağımızı tərk etmək istəmirdik. Heç kim inanmırdı ki, belə bir faciə baş verə bilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 11 radələrində postdan gələn oğlanlar xəbər verdilər ki, şəhərə rus hərbçiləri və ermənilər daxil olub. Sonradan bildik ki, bu, 366-cı alay imiş. Oğlanlar analarını götürüb çıxarmaq istəyirdilər. Bizim silahımız isə çox az idi, demək olar ki, 20 nəfərə bir avtomat düşürdü, gülləmiz tükənmişdi. Zirzəmidən çıxıb məktəb tərəfdən Qarqar çayı istiqamətinə getdik. Yaralılar, qocalar, uşaqlar - hamı ağlaşa-ağlaşa irəliləyirdi. Milli qəhrəman Aqil Quliyev yaralı idi, onu əsgərlər aparıb. Dağın ətəyinə çatanda kəndin yandığını gördük. Gecə olmasına baxmayaraq alov hər yeri işıqlandırırdı. Meşə yolu ilə Ağdama çatmaq istəyirdik, amma yolu azdıq. 280-290 nəfərlə çıxmışdıq, günlərlə ac-susuz, soyuqda, qarın altında qaldıq. Donvurmadan ölənlər oldu. Güllədən yox, səssiz-səssiz həyatını itirən insanlar gördük. Sonda cəmi 27 nəfər çıxıb Ağdama çata bildik. Yolda çox dəhşətlər gördük. Ayağı yalın qalan uşaqların ayaqları donmuşdu. Qocalar yolda qaldı. Bəziləri əsir düşdü. Qohumlarımızdan şəhid olanlar, itkin düşənlər oldu. Əmim oğlu, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimov əsir götürülərək ağır işgəncələrlə qətlə yetirilib. Digər qohumlarımızdan da itkin düşənlər, şəhid olanlar çox idi. Biz martın 2-də Ağdama çatanda artıq adımız qəzetdə “girov düşənlər” siyahısında getmişdi. Evə zəng edib sağ qaldığımızı deyəndə ailəmizin fəryadı hələ də qulaqlarımdadır”.

 

Zeynalova həmçinin əlavə edib ki, faciə ömrümüzün sonuna qədər unudulmayacaq:

 

“O günlərin soyuğu, qorxusu, acısı yaddaşımızdan silinmir. İllər keçsə də, danışanda həyəcanlanıram, sanki hər şeyi yenidən yaşayıram. Bu gün torpaqlarımız azaddır. Dövlətimizin başçısına və Birinci vitse-prezidentə minnətdaram ki, Xocalı sakinlərinə doğma yurdlarına qayıtmaq nəsib olub, evlərlə təmin olunduq. 32 ildən sonra atamın qəbrini ziyarət edəndə dedim: “Ata, torpağımız azaddır, biz qayıtmışıq” Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu faciəni unutmaq olmaz. Gənclər onu hər zaman xatırlamalı, dünyaya çatdırmalıdır”.

 

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı “İnformator.az”a bildirib ki, Xocalı faciəsi zamanı o, “Ədalət” qəzetində müxbir işləyib:

 

“Faciədən bir gün sonra - fevralın 27-də Ağdamda oldum. Ağdam məscidində və xəstəxanalarda çoxsaylı şahidlərlə görüşdüm. Yaralılar olduqca çox idi. Bu faciənin şahidi olan insanlarla görüşüb müsahibələr götürürdüm. Onlar deyirdilər ki, həmin gecə hadisələrin törədilməsində erməni formasını geyinmiş şəxslərin əksəriyyəti rus əsgərləri idi. Sonradan da məlum oldu ki, faciənin bu qədər dəhşətli şəkildə həyata keçirilməsində Rusiyanın 366-cı diviziyası yaxından iştirak edib. Bu, çox üzücü bir fakt idi. Mən bəzən o dövrdə yazdığım yazılara baxanda həmin səhnələri yenidən gözlərimin önünə gətirirəm. Özümə sual verirəm ki, mən bunlara necə baxdım, necə yazdım, necə dözdüm, necə ağlımı itirmədim… 
Tanınmış jurnalist Səriyə Müslüm qızı da faciənin qurbanlarından idi. O zaman çox gənc idi və səhv etmirəmsə, həmin faciədə anasını itirmişdi. Faciədən bir neçə ay sonra onunla görüşdüm. Sanki hadisə aylar əvvəl yox, elə indicə baş vermişdi. O, hələ də o qorxudan çıxa bilməmişdi. Bu mənzərə heç vaxt yadımdan çıxmır. Çünki çox dəhşətli idi. Xocalıda insanları vəhşicəsinə qətlə yetirmişdilər. Meyitlər tanınmaz halda idi. İnsan doğrudanmı bu dərəcədə vəhşi ola bilər? Buna söz tapmaq çətindir. Mən 11 yaşlı bir qız uşağının meyitinə baxmağa məcbur oldum, çünki yazını yazmalı idim. Körpə bir uşağı dəhşətli hala salmışdılar”.

 

Həmçinin professor qeyd edib ki, bir daha 20 Yanvar və Xocalı kimi faciələri yaşamamaq üçün klassiklərimizi dönə-dönə oxumalıyıq:

 

“Onların bizə miras qoyduğu zəngin və mötəbər irsi mütləq bu günkü gəncliyə çatdırmalıyıq. Əgər bunu etməsək, gənclər dostunu, düşmənini tanımaz. Biz bu gün mətbuatımızı geniş şəkildə gənclər arasında təbliğ etməliyik ki, müstəqilliyimizi və dövlətçiliyimizi qorumaq, əbədi yaşatmaq üçün dünənimizi, tariximizi bilməli və ondan nəticə çıxarmağı bacarmalıyıq”.

 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Xocalıya qədər də ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər:

 

“Belə ki, 1991-ci ilin oktyabr ayının sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər mühasirəyə alınmışdı. Yanvar ayından Xocalıya elektrik enerjisi də verilmirdi. Bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən atılan raketlə partladılıb, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak olub. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu kəndləri, Kərkicahan qəsəbəsi və digər strateji əhəmiyyətə malik yaşayış məntəqələrimiz ermənilər tərəfindən yandırılıb, dağıdılıb və talan edilib. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülüb, onlarla insan yaralanıb və girov götürülüb. Həmin il fevralın 17-də Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı motoatıcı alay Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalıb. Bu, Xocalı faciəsinə aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə “ikinci Xocalı” da deyirlər. Bunlar tariximizin faciəli səhifələridir. Onlar unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır. Başımıza gətirilən bu faciələr xalqımızı heç zaman sındırmadı, iradəmizə heç bir təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, mətinləşdik, gücləndik”.

 

Xocalı təkcə bir şəhərin faciəsi deyil, bir xalqın yaddaşına həkk olunmuş qanlı imtahandır. Bu ağrı illərlə keçsə də, azalmır, çünki ədalət gecikə bilər, amma unudulmaz. Biz Xocalını yalnız matəm günü kimi deyil, həm də milli yaddaş, birlik və dirəniş rəmzi kimi yaşatmalıyıq. Şəhidlərin ruhu qarşısında borcumuz təkcə baş əymək deyil - həqiqətləri danışmaq, gələcək nəsillərə çatdırmaq və bir daha belə faciələrin yaşanmaması üçün güclü olmaqdır.


Xocalını unutmadıq. Unutmayacağıq. Unutdurmayacağıq.


Aysel Mirzəyeva, Cavahir Əsgərbəyli

#qaranlığında #xocali #baki #ömürlər #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər