Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ başlayır
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin proqramına bütöv şəkildə nəzər saldıqda onun yalnız yüksəksəviyyəli siyasi danışıqlardan ibarət olmadığını görünür. Daşkənddə keçirilən görüşlərdən və Ali Dövlətlərarası Şuranın 3-cü iclasından tutmuş imzalanmış sənədlərə, yeni iqtisadi layihələrin açılış və təməlqoyma mərasimlərinə, elm-təhsil, mədəniyyət sahəsində atılan addımlara, nəhayət, Buxaradakı zəngin mədəni proqramadək səfərin hər bir elementi Azərbaycan-Özbəkistan münasibətlərinin artıq çoxşaxəli və sistemli xarakter aldığını göstərir.
Bu fikirləri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova bildirib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, dövlətlər arasında əməkdaşlığın güclənməsi türk dünyasının güclənməsinə və genişlənməsinə xidmət edir:
“Azərbaycan böyük logistika imkanlarına malik dövlətdir. Orta Dəhliz vasitəsilə Azərbaycandan keçən marşrutlar Özbəkistan üçün yeni imkanlar yaradır. Yəni, bu yol vasitəsilə Özbəkistanın Avropaya çıxışı təmin olunur. Eyni zamanda, Özbəkistan Azərbaycan vasitəsilə Türkiyə ilə əlaqələrini də genişləndirir. Çünki hər iki dövlət arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Azərbaycan üçün əlverişli olan bir çox imkanlar Özbəkistanda, Özbəkistan üçün əlverişli olan imkanlar isə Azərbaycanda mövcuddur. Bu baxımdan, qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaranır”.
Politoloq həmçinin bunu da qeyd edib ki, siyasi və iqtisadi müstəvidə də kifayət qədər böyük potensial var:
“Bu imkanların ortaya çıxarılması və əməkdaşlığın dərinləşməsi, eyni zamanda, yeni geosiyasi reallıqlar yaradır. Cənubi Qafqazın və Mərkəzi Asiyanın imkan və potensiallarının artırılması dünya miqyasında da maraqlı bir mənzərə formalaşdırır. Bu əməkdaşlıq bölgənin inkişafına, daha çox investisiyanın cəlb olunmasına və regionda yaranan yeni güc balansına fərqli münasibətin formalaşmasına səbəb olur. Nəticə etibarilə, bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır və bölgənin ənənəvi çərçivələrdən çıxaraq daha sərbəst, daha müstəqil və yeni bir mühit formalaşdırmasına imkan yaradır”.
Güllər Gülhüseynova