Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib ki, energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir: "Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq".
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında enerji eksperti Sadiq Həsənov bildirib ki, Azərbaycan-Serbiya əlaqələri siyasi dəstək və qaz əməkdaşlığına əsaslanır:
"Azərbaycan-Serbiya əlaqələrinin təməli əsasən 2014-cü ildə Azərbaycan və Serbiya arasında imzalanan razılaşma ilə qoyulub. Həmin dövrdən etibarən münasibətlər yüksək səviyyədə inkişaf edib. Tərəflər daim bir-birinə siyasi dəstək göstəriblər. Həm Azərbaycanın, həm də Serbiyanın ərazi bütövlüyünün qorunması və dəstəklənməsi istiqamətində qarşılıqlı mövqe nümayiş etdirilib və siyasi əlaqələr yüksək səviyyədə saxlanılıb.
Hazırda iqtisadi əməkdaşlıq, xüsusilə enerji sahəsində, genişlənir. 2023-cü ildə imzalanan müqaviləyə əsasən, Azərbaycan Serbiyaya 400 milyon kubmetr qaz tədarük edib. Hazırda bu həcm artırılır və 1 milyard kubmetrə qədər qaz tədarükünü nəzərdə tutan müqavilə mövcuddur.
Qaz ixracı Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri vasitəsilə həyata keçirilir. TAP xətti əvvəlcə Bolqarıstana qədər uzanırdı. Daha sonra Bolqarıstandan Serbiyaya əlavə kəmər çəkilib və bu xətt vasitəsilə Azərbaycan qazı Serbiyaya çatdırılır. Planlaşdırılır ki, bu ildən etibarən Serbiyaya 1 milyard kubmetrədək qaz tədarük olunsun.
Bundan əlavə, Azərbaycan və Serbiya arasında hərbi sahədə də müəyyən əməkdaşlıq mövcuddur. Bu istiqamətdə bəzi məlumatlar ictimaiyyətə açıqlanmasa da, tərəflər arasında müəyyən layihələrin həyata keçirildiyi ehtimal olunur.
Serbiya şirkətləri Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdırlar. Eyni zamanda kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq perspektivləri mövcuddur.
Ümumilikdə, Azərbaycan-Serbiya iqtisadi münasibətlərinin əsas istiqaməti enerji sahəsi, xüsusilə qaz tədarükü üzərində qurulub".
Arzu Poladova
