Azərbaycan qazına tələbat artır: Şaquli Qaz Dəhlizi genişlənir
Rumıniyanın “Antena 3 CNN” televiziya kanalının internet səhifəsində dərc olunan məqalədə Şaquli Qaz Dəhlizinin genişləndirilməsi layihəsində Azərbaycanın mühüm rolu vurğulanır. Məqalədə layihənin Qərbi Balkan ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və təbii qaz təchizatının şaxələndirilməsinə xidmət edəcəyi bildirilir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasında son illərdə Azərbaycan qazının həm alıcılarının, həm də strateji əhəmiyyətinin ciddi şəkildə artdığını bildirib. Ekspertin sözlərinə görə, bu artım xüsusilə, Şərqi və Cənubi Avropa ölkələrində özünü daha çox göstərir:
“Bu həm Rusiya-Ukrayna müharibəsi, həm də son dövrlərdə Hörmüz boğazı ətrafında yaşanan hadisələrlə birbaşa bağlıdır. Sözügedən geosiyasi proseslər fonunda Azərbaycanın enerji daşıyıcısı tədarükçüsü kimi strateji önəmi xeyli artıb.
Tələbat artdıqca qaz almaq istəyən ölkələrin sayı da çoxalır; artıq 10-dan çox ölkəyə qaz ixrac edirik.Bu tendensiya bir tərəfdən ölkənin valyuta gəlirlərinin artmasını təmin edir, digər tərəfdən isə Azərbaycanın regional və qlobal geosiyasi mövqeyini möhkəmləndirir. Artıq bir çox dövlətlər, xüsusilə də Şərqi və Cənubi Avropa ölkələri Azərbaycanla daha sıx münasibətlərdə maraqlı olaraq əməkdaşlığı genişləndirməyə çalışırlar”.
Zəri Bayramlı