Azərbaycan-Qırğızıstan əlaqələri: Orta Dəhliz əməkdaşlığın əsas istiqamətlərindən biridir
Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi və iqtisadi əlaqələr daha da genişlənib. Bu əməkdaşlıq çərçivəsində Qırğızıstanla münasibətlərin inkişafı və Orta Dəhliz layihəsində iştirak xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında təmasların intensivləşməsi siyasi-iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir:
“Mərkəzi Asiya plus Azərbaycan” formatı çərçivəsində əməkdaşlıq dinamik şəkildə genişlənir. Xüsusilə Qırğızıstanla münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti mühüm rol oynayır. Son illərdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı səfərləri də siyasi münasibətlərin möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradıb. Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri Orta Dəhlizin inkişafıdır".
Azərbaycanın bu layihənin təşəbbüskarı və fəal iştirakçılarından biri olduğunu vurğulayan deputat bildirib ki, Orta Dəhliz Çin məhsullarının Avropa bazarlarına çatdırılması üçün əlverişli imkanlar yaradır:
"Bu baxımdan, Mərkəzi Asiya ilə Qafqazı birləşdirən nəqliyyat-logistika marşrutunda iştirak edən ölkələrlə əməkdaşlığın genişləndirilməsi vacibdir. Qırğızıstanın layihəyə daha yaxından cəlb edilməsi isə dəhlizin səmərəliliyinə müsbət təsir göstərə bilər. Azərbaycanla Qırğızıstan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur və hazırda bu imkanlardan tam istifadə olunmur. Ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətləri gələcəkdə müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır".
Güllüzar Nəbili