00:00:00
Yazar
Zəhra Həsənova
07.07.2026 19:36 49 3 dəq oxuma
Maraqlı

Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsində

Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsində

Uzun illər ərzində Azərbaycan daha çox neft-qaz sənayesi, iri enerji layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ilə tanınıb. Son illərdə ölkənin inkişaf strategiyasında yeni prioritetlər müəyyənləşdirilib. Bu gün süni intellekt, innovasiya və yüksək texnologiyalar iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilir. Dünya təcrübəsi göstərir ki, rəqəmsallaşmaya vaxtında yatırım edən dövlətlər qlobal rəqabətdə mühüm üstünlüklər əldə edirlər. Estoniya elektron hökumət modeli ilə dünya miqyasında nümunəyə çevrilib, Sinqapur Asiyanın ən böyük texnologiya mərkəzləri statusunu qazanıb, Birləşmiş Ərəb Əmirlikləri isə süni intellekt sahəsinə milyardlarla dollar investisiya yatıraraq rəqəmsal iqtisadiyyatın aparıcı ölkələrindən birinə çevrilməkdədir. Azərbaycan da bu istiqamətdə məqsədyönlü addımlar ataraq regionun texnoloji mərkəzinə çevrilməyi hədəfləyir. Əslində, bu istiqamətdə aparılan siyasət təsadüfi deyil. Son on il ərzində ölkədə elektron hökumət xidmətləri genişləndirilib, telekommunikasiya infrastrukturu müasirləşdirilib, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilib. ASAN xidmət modeli beynəlxalq səviyyədə nümunə kimi qəbul olunub, "myGov" platforması və"SİMA" rəqəmsal imzası vətəndaşların dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə sadələşdirib. Bu mərhələdən sonra əsas məqsəd rəqəmsallaşmanı yalnız dövlət xidmətləri ilə məhdudlaşdırmamaq, sənaye, təhsil, səhiyyə, nəqliyyat, maliyyə və digər sahələri də əhatə edən vahid rəqəmsal iqtisadiyyat formalaşdırmaqdır.

 

Bu baxımdan, 2026-cı ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirə ölkənin rəqəmsal inkişaf tarixində yeni mərhələnin başlanğıcı hesab olunur. Müşavirədə dövlət başçısı rəqəmsal transformasiyanın ölkənin iqtisadi inkişaf strategiyasında prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq müasir texnologiyaların dövlət idarəçiliyində, iqtisadiyyatda və ictimai xidmətlərdə geniş tətbiqinin vacibliyini qeyd edib. Bu yanaşma Azərbaycanın inkişaf modelində mühüm dəyişiklikdən xəbər verir. Əgər əvvəlki dövrdə iqtisadi inkişafın əsas dayağı enerji resursları idisə, indi bilik, innovasiya və rəqəmsal texnologiyalar yeni iqtisadiyyatın əsas sütunları kimi çıxış edir.

 

Azərbaycanın üstünlükləri nədən ibarətdir?

 

Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün bir sıra mühüm üstünlükləri mövcuddur. İlk növbədə, ölkənin strateji coğrafi mövqeyi diqqət çəkir. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Son illərdə nəqliyyat infrastrukturu ilə yanaşı rəqəmsal rabitə infrastrukturu da sürətlə inkişaf etdirilir. Bu isə ölkəyə yalnız logistika mərkəzi deyil, həm də məlumat axınlarının keçdiyi regional rəqəmsal qovşaq olmaq imkanı yaradır. İkinci mühüm amil dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlərdir. Üçüncü üstünlük insan kapitalına qoyulan investisiyadır. Rəqəmsal iqtisadiyyatın əsas resursu neft deyil, bilikli mütəxəssislərdir. Bu səbəbdən son illərdə proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və data analitikası sahəsində kadr hazırlığı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi "Technest" təqaüd proqramı minlərlə gəncin İT sahəsində beynəlxalq səviyyəli təhsil almasına və əmək bazarına inteqrasiyasına imkan yaradıb.

 

Azərbaycanın beynəlxalq rəqəmsal əməkdaşlıq istiqamətində fəallığı da diqqətəlayiqdir. 2025-ci ildə Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının keçirilməsi ölkənin qlobal rəqəmsal gündəlikdə rolunun artdığını göstərib. Dünyanın 150-dən çox ölkəsindən nümayəndələrin iştirak etdiyi bu tədbir Azərbaycanın beynəlxalq texnologiya əməkdaşlığı üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib.

 

Rəqəmsallaşma artıq dövlət siyasətinin əsas istiqamətidir

 

2026-cı il iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkənin rəqəmsal inkişafı üzrə vahid fəaliyyət planı hazırlanıb və növbəti üç ili əhatə edən Yol Xəritəsi təsdiq edilib. Yol Xəritəsi çərçivəsində süni intellekt texnologiyalarının tətbiqi, dövlət bulud infrastrukturu, Milli Məlumat Məkanı, kibertəhlükəsizliyin gücləndirilməsi, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi və innovasiya ekosisteminin inkişafı əsas prioritetlər kimi müəyyən olunub. Bu, onu göstərir ki, Azərbaycan artıq ayrı-ayrı rəqəmsal layihələrin həyata keçirilməsi mərhələsini geridə qoyaraq vahid rəqəmsal iqtisadiyyatın formalaşdırılması mərhələsinə qədəm qoyur. Qarşıdakı illərdə məhz yüksək texnologiyalar, süni intellekt və innovasiya ölkənin davamlı iqtisadi inkişafını təmin edən əsas amillərdən birinə çevrilə bilər. Bu istiqamətdə həyata keçirilən islahatlar Azərbaycanın yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Xəzər hövzəsinin aparıcı rəqəmsal texnologiyalar mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.

 

Məhəmməd Salmanzadə

#transformasiyanın #azərbaycan #rəqəmsal #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər