00:00:00
Yazar
Səadət Əlizadə
26.10.2026 21:39 35 3 dəq oxuma
İqtisadiyyat

Azərbaycan sahibkarları Türkmənistan birjasında iştirak ediblər

Azərbaycan sahibkarları Türkmənistan birjasında iştirak ediblər

Ötən həftə Türkmənistan Dövlət Əmtəə və Xammal Birjasında 10 ticarət əməliyyatı həyata keçirilib. Azərbaycan, Türkiyə, BƏƏ və Serbiyadan olan sahibkarlar sement, pambıq yağı, buğda unu və digər məhsullar alıblar. Əməliyyatların ümumi dəyəri 9,97 milyon dolları ötüb.

 

Mövzu ilə bağlı  “İnformator.az” a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin Sədri Akif Nəsirli bildirib ki, Azərbaycan sahibkarlarının Türkmənistan Dövlət Əmtəə və Xammal Birjasında iştirakını ilk növbədə ticarət əlaqələrinin genişləndirilməsi və alternativ təchizat mənbələrinə çıxış baxımından qiymətləndirmək lazımdır:

 

“Azərbaycan şirkətlərinin sement, pambıq yağı, buğda unu və digər məhsullar alması onların xarici bazarlarda kommersiya imkanlarından istifadə etdiyini göstərir. Bununla belə, bu əməliyyatların ölkə iqtisadiyyatına real faydası alınan məhsulların daxili bazarda necə istifadə olunmasından, qiymətindən və sonradan hansı iqtisadi nəticələr yaratmasından asılıdır.
Türkmənistan birjasında iştirak Azərbaycan sahibkarlarına məhsulları birbaşa ticarət mexanizmləri vasitəsilə əldə etmək, təchizatçı dairəsini genişləndirmək və qiymətləri digər bazarlardakı təkliflərlə müqayisə etmək imkanı yaradır. Məsələn, buğda unu və pambıq yağı kimi məhsulların alınması daxili bazarın təchizatına töhfə verə bilər. Sement isə tikinti sektorunda istifadə olunan mühüm materialdır. Əgər sahibkarlar bu məhsulları daha əlverişli şərtlərlə əldə edə bilirlərsə, bu, onların xərclərinin azalmasına və müəyyən hallarda istehlak qiymətlərinin sabitləşməsinə kömək edə bilər. Ancaq idxalın artması özlüyündə ucuzlaşmaya zəmanət vermir; nəqliyyat, sığorta, gömrük və digər xərclər də nəzərə alınmalıdır”.


Müsahibin sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında belə əməliyyatların genişlənməsi iqtisadi əməkdaşlığın daha praktik müstəviyə keçməsinə şərait yaradır:

 

“İkitərəfli münasibətlər yalnız enerji və nəqliyyat layihələri ilə məhdudlaşmamalı, kənd təsərrüfatı, tikinti materialları, sənaye məhsulları və digər ticarət istiqamətlərini də əhatə etməlidir. Türkmənistan bazarında fəal iştirak Azərbaycan şirkətlərinə regionda yeni tərəfdaşlar qazanmaq imkanı verdiyi kimi, gələcəkdə Azərbaycan məhsullarının həmin bazara çıxarılması üçün də əlaqələr yarada bilər. Burada əsas məqsəd birtərəfli idxalı artırmaq deyil, qarşılıqlı ticarəti genişləndirmək və iqtisadi əlaqələri davamlı etmək olmalıdır”. 
 


İqtisadçı qeyd edib ki, Azərbaycan sahibkarlarının beynəlxalq əmtəə birjalarında iştirakını artırmaq üçün ilk növbədə belə platformalar barədə məlumatlılıq genişləndirilməli, şirkətlərə birjalarda qeydiyyat, müqavilələrin bağlanması, ödəniş mexanizmləri və risklərin idarə edilməsi üzrə dəstək göstərilməlidir:

 


“Kiçik və orta sahibkarlar üçün xarici bazarlara çıxış xərclərinin azaldılması, logistika imkanlarının yaxşılaşdırılması və ticarət maliyyələşməsinin əlçatanlığı da vacibdir. Eyni zamanda, sahibkarlar yalnız alış əməliyyatları ilə kifayətlənməməli, rəqabətqabiliyyətli Azərbaycan məhsullarını xarici birjalarda və digər ticarət platformalarında satmaq imkanlarını da araşdırmalıdırlar”.

 


Nəticə olaraq ekspert bildirib ki, Türkmənistan birjasında 9,97 milyon dollardan artıq dəyərdə əməliyyatların həyata keçirilməsi regionda ticarət imkanlarının mövcudluğunu göstərir:

 

“Lakin bu rəqəmin Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün həmin əməliyyatların nə qədərinin Azərbaycan şirkətlərinə aid olduğu, alınan məhsulların həcmi, təchizat xərcləri və qarşılıqlı ticarətin ümumi dövriyyəsindəki payı barədə əlavə məlumat lazımdır. Əsas məsələ beynəlxalq birjalarda iştirakın sadəcə alqı-satqı əməliyyatları ilə məhdudlaşmaması, sahibkarların bazarlarını genişləndirməsinə, xərclərini azaltmasına və Azərbaycanın ixrac imkanlarının artmasına xidmət etməsidir”.

 


Aysu Abbasova

#xəbər #baki #yeni #türkmənistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər