Azərbaycan-Türkmənistan əməkdaşlığı tranziti gücləndirir
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, əməkdaşlıq tranziti artırır və Azərbaycanın logistika rolunu gücləndirir:
“Nəqliyyat əməkdaşlığının genişlənməsi regionda tranzit axınlarını artıracaq və şaxələndirəcək. Orta Asiyadan gələn yüklərin Azərbaycan üzərindən Avropaya çıxışı sürətlənəcək, alternativ marşrut kimi regionun əhəmiyyəti artacaq və daşımaların vaxtı ilə xərcləri azalacaq. Bu isə Azərbaycanın tranzit ölkə kimi daha çox yük cəlb etməsinə imkan verəcək. Xəzər dənizi üzərindən daşımaların da artması gözlənilir. Əməkdaşlıq gücləndikcə daşımalar intensivləşəcək, limanlar daha aktiv işləyəcək və yüklərin gecikmə riski azalacaq. Bu isə Xəzər marşrutunu daha rəqabətqabiliyyətli edir. Orta dəhliz layihəsində Azərbaycan və Türkmənistan əsas tranzit zəncirinin mərkəzi rolunu oynayır. Türkmənistan Orta Asiya yüklərinin çıxış nöqtəsi, Azərbaycan isə bu yüklərin Avropaya ötürülmə qapısıdır. Koordinasiya güclü olduqda dəhlizin effektivliyi daha yüksək olacaq. Azərbaycan artıq logistika mərkəzi kimi qəbul olunur və bu rol daha da güclənəcək. Məsələn, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yük dövriyyəsi artacaq, ölkə multimodal daşımaların əsas qovşağına çevriləcək və əlavə tranzit gəlirləri əldə edəcək”.
Arzu Poladova