Azərbaycan-Ukrayna arasında hüquqi yardım sazişi ratifikasiya mərhələsində
Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında imzalanmış müqavilənin ratifikasiyası nəzərdə tutulur. Müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə edilib.
Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilənin ratifikasiyası iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcək:
“Azərbaycanla Ukrayna arasında münasibətlər strateji xarakter daşımasına baxmayaraq hələ də bəzi hüquqi boşluqlar var. İki ölkə arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilənin imzalanması bunların aradan qaldırılması üçündür. Bu, ticarət və biznes əlaqələrinin inkişafına müsbət təsir göstərməklə yanaşı biznes subyektlərinin hüquqlarının qorunmasına da xidmət edəcək. Postsovet məkanında proseslərə ən çox təsir edən amillərdən biri Azərbaycan-Ukrayna əməkdaşlığıdır. Ona görə də bu münasibətlər nə qədər dərinləşsə geosiyasi əhəmiyyəti bir o qədər çox olacaq”.
Mələk Hüseynova