Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə İnnsbruk Şəhər Musiqi Məktəbinin direktoru Volfram Rosenberqer arasında musiqi təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova da iştirak edib.
Məsələ ilə bağlı musiqişünas Lalə Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Milli Konservatoriyası olaraq istənilən əməkdaşlığa hazırdırlar.
"Bu məsələni çox vacib hesab edirəm. Düşünürəm ki, bu cür əməkdaşlıq təhsilin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə də gənclər arasında mübadilə proqramlarının həyata keçirilməsi zəruridir. Təbii ki, gənclər arasında belə mübadilələr olmalıdır və bunun böyük fayda verəcəyinə inanıram. Gələcəkdə birgə konsertlərin təşkili, müxtəlif əməkdaşlıq proqramlarının hazırlanması mümkündür. Hesab edirəm ki, bu cür əməkdaşlıq hər iki ölkə üçün, o cümlədən Azərbaycan üçün böyük səmərə verə bilər. Bir daha qeyd edirəm ki, biz bu istiqamətdə təşəbbüslərə açığıq və əməkdaşlığa hazırıq".
Aysun Xanatova
