Azərbaycan və Gürcüstan arasında elektron yük icazə sistemi tətbiq olunmağa başlayıb
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Bu barədə razılıq cari ilin 8–9 aprel tarixlərində Bakıda, Azərbaycan-Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Media ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Günay Cəfərova “İnformator.az”a açıqlamasında bildirib ki, nu sənəd bir ölkənin yük maşınlarının digər ölkəyə keçidinə icazə verir:
“İcazə blankları yerli müvafiq orqanlardan əldə olunmadığı halda sərhəddən keçid mümkün deyil. Elektron icazə sistemi kağız blankların dövriyyəsini aradan qaldıraraq icazələrin tam rəqəmsal və sürətli əldə edilməsinə imkan yaradır. Bu sistem sayəsində daşıyıcılar elektron icazələri günün 24 saatı, həftənin 7 günü evdən çıxmadan əldə edə bilir, bu da vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır. Lakin kağız daşıyıcılarda alınan icazələri KOB evlərindən götürmək lazım olurdu. Eyni zamanda sərhədkeçmə prosesləri sürətlənir, məlumat mübadiləsi operativləşir və beynəlxalq yükdaşımalarının səmərəliliyi artır. Bu yenilik beynəlxalq yükdaşımalarının rəqəmsallaşdırılması istiqamətində mühüm addımdır və Azərbaycanın etibarlı tranzit qovşağı kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir”.
Güllər Gülhüseynova