Azərbaycan və İordaniya turizm sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və İordaniya Turizmin Təşviqi Şurasının baş direktoru Ramzi Mayata turizm sahəsində əməkdaşlığı müzakirə edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycan və İordaniya arasında turizm əlaqələrinin genişləndirilməsi vacibdir:
“Hər ötən il Azərbaycana gələn turist sayında artım müşahidə edirik. Belə ki, bizə yaxın dövlətlərdən həm istiqamət baxımından, eyni zamanda birbaşa uçuşların təmin olunması, eləcə də dost ölkələrlə aramızda viza rejiminin aradan qaldırılması və ya asan viza tətbiqi Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olur. Bu isə ümumi olaraq həmin ölkələrlə bizim ölkəmiz arasında turist mübadiləsinin sürətləndirilməsinə mühüm töhfə verir. Bu gün İordaniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur və turizm də bu sıx əməkdaşlıq çərçivəsində mühüm sektorlardan biridir. Təbii ki, bunu genişləndirmək, İordaniya ilə Azərbaycan arasında iki dost xalqın inteqrasiyasını artırmaq və xalqları bir-birinə daha da yaxınlaşdırmaq üçün turizm çox mühüm rol oynayır. Bizim üçün vacib olan İordaniyadan və ümumilikdə körfəz ölkələrindən gələn turistlərin birbaşa reyslərlə təmin olunması və onların Azərbaycana rahat şəkildə, vizasız gəliş-gediş imkanlarının yaradılmasıdır. Ümumilikdə bunların daha da inkişaf etdirilməsi üçün müəyyən imkanlar var və biz bunlardan davamlı şəkildə istifadə etməliyik. Burada ən önəmli məsələlərdən biri qarşılıqlı media turlarının və “fam trip”lərin təşkil olunmasıdır. Tanıtım məqsədi ilə medianın xüsusi rolu ola bilər. Eyni zamanda diplomatik korpusların da mühüm rolu var”.
Həmçinin şərhçi qeyd edib ki, hər iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün diplomatik korpuslarımız mütəmadi olaraq qarşılıqlı görüşlər keçirir və mühüm addımlar atır:
“Ümumilikdə bu kontekstdən yanaşsaq, hesab edirəm ki, nəinki İordaniya ilə, digər ölkələrlə də qarşılıqlı “fam trip”lərin və media turlarının təşkilini hər zaman sürətləndirməliyik. Bu, ən effektiv reklam vasitələrindən biridir. Cənab səfirlə görüşümüz zamanı da bu məsələ xüsusi olaraq önə çəkildi. Turizm məsələləri geniş şəkildə müzakirə olundu və qarşılıqlı turizm əlaqələrinin, turist mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, həlli yolları müzakirə edildi. Burada məqsəd qədim İordaniya ölkəsinin və xalqının Azərbaycan xalqı ilə daha yaxından tanış olması, eyni zamanda bizim qədim adət-ənənələrimizi tanımasıdır. Milli bayramlarımızda və bölgələrimizdə keçirilən festivallarda dost İordaniya xalqını daha çox görmək üçün daha geniş imkanlar yaratmağa çalışırıq. Hesab edirəm ki, bu gün Yaxın Şərqdə baş verən hadisələr də müəyyən mənada bu istiqamətdə turizm axınlarına təsir göstərir”.

Arzu Poladova