ABŞ-dən Kubaya yeni zərbə: Sanksiyalar sərtləşdirilir
ABŞ Kubaya qarşı maliyyə və iqtisadi sanksiyaları sərtləşdirib. Yeni məhdudiyyətlər ölkənin dövlət və özəl sektoruna, bank əməliyyatlarına və sahibkarlıq fəaliyyətinə təsir göstərə bilər. Embarqonun 2027-ci ilədək uzadılması isə iki ölkə arasında gərginliyin davam etdiyini göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ABŞ-nin Kubaya qarşı sanksiyaları əsasən Havana hökumətinin maliyyə imkanlarını və xarici valyutaya çıxışını məhdudlaşdırmağa yönəlib:
"Vaşinqtonun əsas məqsədi Havana hökumətinin maliyyə imkanlarını məhdudlaşdırmaq və ölkənin xarici valyutaya çıxışını azaltmaqdır. ABŞ bu siyasəti insan hüquqları pozuntuları və korrupsiya ilə mübarizə ilə əsaslandırır. Kuba hakimiyyəti isə hesab edir ki, əsas məqsəd hökumətin, o cümlədən hərbi-təsərrüfat strukturlarının maliyyə mənbələrini məhdudlaşdırmaqdır".
İqtisadçının sözlərinə görə, sanksiyalar dövlət qurumları ilə yanaşı, özəl sektora da təsir göstərərək sahibkarların beynəlxalq maliyyə sisteminə çıxışını çətinləşdirir:
"Sanksiyaların təsiri özəl sektora da yayılır. Xarici bankların Kuba ilə işləməkdən çəkinməsi kiçik və orta sahibkarların beynəlxalq maliyyə sisteminə çıxışını çətinləşdirir. Bundan əlavə, valyuta çatışmazlığı, enerji kəsintiləri, xarici investisiyaların azalması və turizmdəki problemlər özəl biznesin inkişaf imkanlarını məhdudlaşdırır".
Nəticə olaraq bildirib ki, embarqonun 2027-ci ilə qədər uzadılması ABŞ–Kuba münasibətlərində gərginliyin yaxın müddətdə davam etməsinə və Kubanın iqtisadi problemlərinin dərinləşməsinə səbəb ola bilər:
"Embarqonun 2027-ci ilə qədər uzadılması iki ölkə arasında münasibətlərin yaxın müddətdə yaxşılaşması ehtimalını azaldır. Neft, maliyyə sektoru və digər strateji sahələrə tətbiq olunan məhdudiyyətlərlə birlikdə bu siyasət Kuba iqtisadiyyatındakı problemləri daha da dərinləşdirə bilər. Valyuta çatışmazlığı, elektrik enerjisi problemi, turizmin zəifləməsi və investisiyaların azalması əhalinin sosial vəziyyətinə də təsir göstərə bilər".
Fatimə İbrahimova