00:00:00
Yazar
Zəri Bayramlı
01.05.2026 21:12 86 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan və İraqın mərkəzi bankları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və İraqın mərkəzi bankları arasında əməkdaşlıq imkanları müzakirə olunub

 

Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov İraq Mərkəzi Bankının rəhbəri Əli Möhsün Əl-Alaq ilə görüşüb. E. Səlimov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"30 aprel tarixində İraq Mərkəzi Bankının rəhbəri Əli Möhsün Əl-Alaq ilə görüşməkdən məmnunluq duydum", - o bildirib və əlavə edib ki, görüşdə iki ölkənin mərkəzi bankları arasındakı əməkdaşlıq imkanları müzakirə olunub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev "İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan ilə İraq dövləti arasında əməkdaşlığın tarixi uzun illərə dayanır:


"Bu əməkdaşlıq indiyədək əsasən siyasi və diplomatik müstəvidə formalaşıb. Bunun bariz nümunəsi kimi Azərbaycanın İraqda, İraqın isə Azərbaycanda səfirliklərinin fəaliyyət göstərməsini qeyd etmək olar. Eyni zamanda hər iki ölkə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. İraq siyasi liderlərinin Azərbaycana səfərləri, eləcə də Azərbaycan və İraq rəhbərlərinin müxtəlif beynəlxalq tədbirlərdə görüşləri bu əlaqələrin inkişaf etdiyini göstərir. Xüsusilə, Antalya Diplomatik Forumu çərçivəsində keçirilən görüşlər diqqətəlayiqdir. Azərbaycan səfirinin İraq Mərkəzi Bankının rəhbəri ilə görüşü isə iki ölkə arasında iqtisadi və maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər". 

 


Ekspertin sözlərinə görə, İraqla münasibətlərin inkişafı Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir:



" Bu kontekstdə İraqla qurulan yeni əlaqələr ümumi regional siyasətin tərkib hissəsi kimi çıxış edir. Tarixi baxımdan Azərbaycanla Yaxın Şərq arasında sıx mədəni əlaqələr mövcud olub. Məsələn, böyük Azərbaycan şairi Füzulinin vətəni sayılan Kərkük bu gün İraq ərazisində yerləşir. Həmçinin görkəmli şair İmadəddin Nəsiminin məqbərəsi Suriyada yerləşir. Bu faktlar göstərir ki, bu coğrafiya əsrlər boyu Azərbaycan və ərəb xalqları arasında ortaq mədəni məkan olub. Bu gün Azərbaycanın müstəqil dövlət kimi Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirməsi, xüsusilə iqtisadi və maliyyə institutları arasında əməkdaşlığın inkişafı, region ölkələri arasında həm biznes strukturları, həm də vətəndaşlar arasında əlaqələrin güclənməsinə şərait yaradır. Bu isə turizm, dini ziyarətlər və ticarət məqsədli səfərlərin artmasına müsbət təsir göstərə bilər".

Selcan Xudiyeva

#mərkəzi #azərbaycan #yeni #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər