“Azərbaycan və Pakistan uzunmüddətli strateji tərəfdaş ölkələr hesab olunur”- Politoloqdan AÇIQLAMA
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüş keçirib. Görüş zamanı Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti, siyasi dialoqun inkişafı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıblar.
Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Pakistan münasibətlərinin əsas prioritet istiqamətlərindən biri siyasi və iqtisadi əməkdaşlıqdır:
“Eyni zamanda, Azərbaycan və Pakistan uzunmüddətli strateji tərəfdaş ölkələr hesab olunur. Bu münasibətlərin ən vacib tərəflərindən biri Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və ölkəmizin yanında olduğunu açıq şəkildə nümayiş etdirməsidir. Regional və qlobal baxımdan iki ölkə arasındakı əlaqələr xüsusi strateji əhəmiyyət daşıyır. Pakistan hərbi gücə malik ölkələrdən biri kimi Azərbaycanın təhlükəsizlik məsələlərində mühüm tərəfdaşlarından hesab olunur. Bununla yanaşı, iki ölkə arasında siyasi, iqtisadi və diplomatik əlaqələr də getdikcə daha da güclənir. İqtisadi və logistik baxımdan Azərbaycan-Pakistan münasibətləri Asiyaya çıxış imkanları baxımından böyük önəm daşıyır. Pakistan Azərbaycan üçün Cənubi Asiyaya və Şərq bazarlarına açılan əsas qapılardan biri kimi qiymətləndirilir. Digər tərəfdən, Azərbaycan enerji ixrac edən ölkə kimi Pakistanla bu sahədə əməkdaşlığını genişləndirir. Kənd təsərrüfatı, nəqliyyat, sənaye və müxtəlif iqtisadi layihələr də əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Hərbi sənaye, təhlükəsizlik və energetika sahələri də iki ölkə arasında aparılan danışıqlarda xüsusi yer tutur. Nazirlər səviyyəsində keçirilən görüşlərdə gələcək perspektivlər, regional proseslər və əməkdaşlığın inkişaf istiqamətləri geniş müzakirə olunur. Bundan əlavə, Azərbaycan və Pakistan türk dünyasının birliyi məsələsində də yaxın mövqedən çıxış edirlər. Türk birliyinin genişlənməsi siyasi, iqtisadi və hərbi baxımdan gələcək üçün yeni imkanlar yaradır. Bu istiqamətdə əməkdaşlığın inkişafı da tərəflər arasında müzakirə olunan mühüm mövzulardan biridir. Ümumilikdə, Azərbaycan və Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq çərçivəsində davamlı şəkildə inkişaf edir və gələcəkdə daha da genişlənməsi gözlənilir”.
Cavahir Əsgərbəyli