Azərbaycan–Vyetnam münasibətləri: strateji tərəfdaşlıq üçün yeni imkanlar
Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişafı, strateji tərəfdaşlığın möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaranır. Siyasi dialoqun intensivləşməsi, enerji, investisiya, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi iki ölkə arasındakı əlaqələrin gələcək perspektivlərini ön plana çıxarır. Vyetnamın Cənub-Şərqi Asiyada artan iqtisadi və siyasi mövqeyi Azərbaycanın regionla əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətli hesab olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, tərəflərin görüşündə səsləndirilən fikirlər Azərbaycan və Vyetnam arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu göstərir:
“Görüş zamanı həm Baş nazir Le Minh Hunq, həm də Prezident İlham Əliyev iki dövlət arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.
2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri baş tutub. Bu səfər, şübhəsiz ki, dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Çünki burada aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş istiqamətləri əhatə edib. Nəticə etibarilə, iki dövlət arasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm sənəd – strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə məhz həmin səfər zamanı imzalanıb.
Beləliklə, Vyetnamın Azərbaycana səfəri tərəfdaşlığın dərinləşdirilməsi və praktiki məzmunla zənginləşdirilməsi istiqamətində mühüm siyasətin həyata keçirilməsinə zəmin yaradıb. Sonrakı dövrdə münasibətlər yalnız dövlət başçıları səviyyəsində siyasi təmaslarla deyil, həm də hökumətlərarası komissiyalar, müvafiq qurumlar və parlamentlərarası dostluq qrupları vasitəsilə səmərəli dialoq şəklində inkişaf etdirilib. Eyni zamanda, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında da sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Vyetnam münasibətləri BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AGİM) və digər beynəlxalq platformalarda da uğurla inkişaf etdirilir. Ötən əsrin 50-ci illərindən formalaşmağa başlayan münasibətlər ilkin olaraq siyasi əlaqələrə söykənib, zamanla isə digər sahələrə də şaxələnib”.
Deputat qeyd edib ki, Azərbaycan və Vyetnam arasında əməkdaşlığın ənənəvi istiqamətləri sırasında neft-qaz sektoru xüsusi yer tutur. Bununla yanaşı, humanitar sahədə də iki ölkə arasında əlaqələr uzun illər ərzində inkişaf edib:
“İki ölkə arasında ticarət dövriyyəsinin təxminən 150 milyon dollar təşkil etməsi əməkdaşlığın genişləndirilməsi üçün real imkanların mövcudluğundan xəbər verir. Bu rəqəm tərəflərin potensialını tam əks etdirmir və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə Vyetnamın milli neft-qaz şirkəti PetroVietnam arasında əməkdaşlığın tarixi köklərə söykəndiyini görürük. Sovet İttifaqı dövründə bu sahədə geniş əlaqələr mövcud olub. Hazırda SOCAR və PetroVietnam arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. 2025-ci ildə iki şirkət arasında imzalanan anlaşma memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlərin göstərilməsi, mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətləri əhatə edir. Bu, iki dövlət arasında iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətli addımdır və Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinə də təsir göstərir.
Komissiyanın fəaliyyətinin məhz bu prioritet istiqamətlər əsasında qurulduğunu görürük. Buraya qeyd etdiyimiz sahələrlə yanaşı, yeni əməkdaşlıq istiqamətləri, xüsusilə bərpa olunan enerji, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsi də daxildir”.
Azər Allahverənov Vyetnamın Cənub-Şərqi Asiyada aparıcı dövlətlərdən biri olduğunu, ölkənin böyük investisiya cəlbediciliyinə malik olduğunu və ABŞ-ın regionda ən çox sərmayə yatırdığı ölkələr sırasında yer aldığını bildirib. Onun sözlərinə görə, Vyetnamın iqtisadi inkişafı və beynəlxalq platformalardakı mövqeyinin güclənməsi Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır:
“Vyetnamın iqtisadiyyatı sürətlə inkişaf edir. Bu, ölkənin təmsil olunduğu beynəlxalq platformalardakı əhəmiyyətini də artırır. Xüsusilə ASEAN-da Vyetnamın rolu olduqca əhəmiyyətlidir. Azərbaycan üçün Vyetnamla əməkdaşlıq həm də bu ölkə vasitəsilə ASEAN məkanına çıxış imkanlarının genişləndirilməsi deməkdir. Bu, bizim üçün yeni istiqamət kimi dəyərləndirilə bilər.
Azərbaycan ənənəvi olaraq enerji və nəqliyyat-logistika layihələri vasitəsilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, müxtəlif geosiyasi qütbləri bir-birinə bağlayan bir reallıq formalaşdırır. Bu baxımdan, Vyetnamla əməkdaşlıq ASEAN-a üzv dövlətlərlə əlaqələrin inkişafı, ilkin mərhələdə münasibətlərin qurulması, daha sonra isə genişləndirilməsi üçün imkanlar yarada bilər. Gələcəkdə Vyetnam vasitəsilə digər dövlətlərlə münasibətlərin də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mümkündür. Bunun üçün kifayət qədər böyük potensial mövcuddur və Vyetnamla əlaqələr strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu əməkdaşlıq Azərbaycanın şaxələndirilmiş xarici siyasətinin mühüm prinsiplərinin praktiki müstəvidə təzahürüdür”.
Ayşə Cəfərova