Qarabağ və Şərqi Zəngəzurun bərpası regional sülhə necə təsir edir?
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bu prosesdə ictimai iştirakın rolu regional sülhün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov İnformator.az-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası dövlət proqramı çərçivəsində həyata keçirilir:
“İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi dövlət proqramı ilə tənzimlənir. Bu proqramın birinci mərhələsində, yəni 2026-cı ilin yekunlarını 100 min artıq vətəndaşın öz doğma yurdlarına qayıtdığı təmin olunub və artıq dağıdılmış şəhər və kəndlərin bərpası sürətli şəkildə həyata keçirilməkdədir. Şübhəsiz ki, bu istiqamətdə yalnız dövlət deyil, eyni zamanda vətəndaş cəmiyyətlərinin və ümumiyyətlə, cəmiyyətin özünün fəallığı təmin olunmalıdır. Vətəndaş cəmiyyəti, ümumiyyətlə, aktiv vətəndaş mövqeyi şübhəsiz ki, bu proseslərin daha sürətli, daha effektiv həyata keçirilməsinə təkan verən amillərdən hesab olunur. Bu baxımdan, əlbəttə ki, vətəndaş cəmiyyətləri bu prosesdə daha aktiv şəkildə çalışmalı, maarifləndirmə işlərini həyata keçirməli və bu prosesdə yer almalıdır”.
Siyasi şərhçi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası regional sülhün təmin olunmasına da müsbət təsir göstərir. Onun sözlərinə görə, həyata keçirilən quruculuq işləri insanların gələcəyə inamını artırmaqla yanaşı, regionda münaqişə təhlükəsinin geridə qalmasına dair mühüm mesaj verir:
“Azad olunmuş ərazilərin bərpası şübhəsiz ki, regional sülhə olduqca müsbət təsir edir. Birincisi, bu insanlar artıq savaşın olmayacağı ilə bağlı müəyyən təminatları hiss eləyirlər. Bu sürətli bərpa-quruculuq işləri həm də onun göstəricisi sayılır ki, artıq regionda hərbi gərginlik, savaş təhlükələri geridə qalır və perspektiv sülh və əməkdaşlıq formatındadır. Bu baxımdan, əlbəttə ki, ərazilərin bərpa olunması, yenidən qurulması və məcburi köçkünlərin öz yerlərinə qayıtması regional sülhə, ümumiyyətlə, Ermənistanla Azərbaycan arasındakı proseslərin inkişafına da müsbət təsir edir deyə düşünürəm”.
Gülnar Mustafayeva