Qarakənd faciəsindən 35 il ötür: 22 nəfərin həlak olduğu terror aktı
Bu gün, noyabrın 20-də Qarakənd faciəsinin törədilməsindən 35 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, jurnalistlərin və hərbi heyət üzvlərinin olduğu “Mİ-8” hərbi vertolyotu Xocavənd rayonunun Qarakənd kəndi üzərində erməni silahlı birləşmələri tərəfindən vurulub.
Hadisə nəticəsində 22 nəfər həlak olub. Onların arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, Baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, millət vəkilləri, dövlət rəsmiləri və jurnalistlər yer alıb.
Faciə qurbanları arasında Prezident Aparatının şöbə müdiri, tanınmış jurnalist Osman Mirzəyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, videooperator Fəxrəddin Şahbazov və AzTV-nin işıqçısı Arif Hüseynzadə də olub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi ekspert Anar Şuşalı bildirib ki, Qarakənd faciəsi Azərbaycanın müstəqillik tarixində yalnız böyük insan itkisi ilə deyil, həm də dövlətin siyasi, hərbi və təhlükəsizlik sisteminin son dərəcə mürəkkəb vəziyyətdə olduğu bir dövrün simvolu kimi yadda qalıb:
"1991-ci il noyabrın 20-də baş verən hadisə Azərbaycanın dövlətçilik institutlarına, hərbi idarəetməsinə və milli jurnalistikasına ağır zərbə vurub. Aradan 35 il keçməsinə baxmayaraq, hadisənin hərbi-strateji nəticələri və tarixi dərsləri aktuallığını qoruyur. Faciənin baş verdiyi dövr Azərbaycanın müstəqilliyinin ilk mərhələsinə təsadüf edib. Ölkə bir tərəfdən dövlət institutlarını formalaşdırmağa çalışıb, digər tərəfdən Ermənistanın hərbi təcavüzi və Qarabağda genişlənən silahlı qarşıdurma ilə üzləşib. Vahid hərbi komandanlıq sisteminin, müstəqil müdafiə mexanizmlərinin və hava məkanına nəzarət imkanlarının tam formalaşmaması təhlükəsizlik sahəsində ciddi problemlər yaradıb".
Anar Şuşalının fikrincə, Qarakənd faciəsi sadəcə hərbi vertolyotun vurulması ilə nəticələnən hadisə olmayıb:
"Eyni zamanda, Azərbaycanın dövlət idarəçiliyinin yüksək vəzifəli nümayəndələrinin münaqişə bölgəsində təhlükəsiz hərəkətinin təmin olunması, hava nəqliyyatının qorunması və əməliyyat risklərinin qiymətləndirilməsi məsələlərinin nə qədər həssas olduğunu göstərib. Hadisə nəticəsində dövlətin siyasi və idarəçilik sistemində mühüm vəzifələr tutan şəxslərin həyatını itirməsi ölkənin onsuz da mürəkkəb olan vəziyyətini daha da ağırlaşdırıb. Bu itki dövlət quruculuğunun, müdafiə sisteminin və təhlükəsizlik strukturlarının əlaqələndirilmiş şəkildə formalaşdırılmasının vacibliyini bir daha ortaya qoyub".
Ekspertin diqqət çəkdiyi məqamlardan biri də vertolyotda Azərbaycanın dövlət nümayəndələri ilə yanaşı, Rusiya və Qazaxıstandan olan müşahidəçilərin də olmasıdır:
"Onların Qarabağda vəziyyətlə tanış olmaq və bölgədəki prosesləri yerində qiymətləndirmək məqsədilə səfər etdikləri bildirilir. Bu detal hadisənin təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda baş verən siyasi və hərbi proseslər baxımından əhəmiyyətini göstərir. Hərbi-strateji nöqteyi-nəzərdən faciənin ən mühüm nəticələrindən biri münaqişə bölgəsində hava nəqliyyatının təhlükəsizliyinin təmin olunmasının vacibliyi olub. Hava məkanına nəzarət, uçuş marşrutlarının təhlükəsizlik baxımından qiymətləndirilməsi, kəşfiyyat məlumatlarının vaxtında əldə edilməsi və risklərin əvvəlcədən müəyyənləşdirilməsi dövlət təhlükəsizliyinin ayrılmaz komponentləri hesab olunur".
Hadisə həm də göstərib ki, müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı təhlükələr yalnız cəbhə xəttindəki silahlı toqquşmalarla məhdudlaşmayıb. Dövlətin siyasi rəhbərliyinin, hərbi idarəetmə sisteminin və informasiya resurslarının təhlükəsizliyi də ciddi təhdid altında olub.
Bu baxımdan Qarakənd faciəsi sonrakı illərdə milli təhlükəsizlik sisteminin qurulması və gücləndirilməsi zərurətini daha aydın göstərən tarixi hadisələrdən biri kimi qiymətləndirilir.
Anar Şuşalı bildirib ki, 35 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycan arasında hərbi potensial, müdafiə imkanları və dövlət təhlükəsizliyinin təşkili baxımından ciddi fərqlər mövcuddur:
"Müstəqilliyin ilk illərində vahid ordu quruculuğu və müdafiə sisteminin formalaşdırılması istiqamətində çətinliklər yaşayan ölkə sonrakı dövrdə güclü hərbi potensial yaratmağa nail olub. Xüsusilə, son illərdə hərbi sənayenin inkişafı, müasir silah sistemlərinin alınması və istehsalı, pilotsuz uçuş aparatlarının tətbiqi, elektron müharibə imkanlarının genişləndirilməsi və hərbi idarəetmədə rəqəmsal texnologiyalardan istifadə Azərbaycanın müdafiə qabiliyyətini yeni mərhələyə yüksəldib. 2020-ci ilin Vətən müharibəsi bu inkişafın real döyüş şəraitində nümayişi olub. Azərbaycan Ordusu müasir hərbi texnologiyalardan, dəqiq zərbə vasitələrindən və çevik əməliyyat idarəetməsindən istifadə edərək tarixi Zəfər qazanıb. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində isə ölkənin bütün ərazilərində suverenlik tam bərpa olunub".
Ekspertin sözlərinə görə, Qarakənd faciəsinin tarixi dərslərinə nəzər salarkən bir məqam xüsusilə diqqət çəkir: güclü dövlətçilik yalnız siyasi müstəqilliyin elan edilməsi ilə deyil, həmin müstəqilliyi qorumağa qadir olan ordu, müdafiə infrastrukturu, kəşfiyyat və təhlükəsizlik sisteminin yaradılması ilə təmin olunur:
"Faciənin digər mühüm tərəfi Azərbaycan jurnalistikasının itkiləri ilə bağlıdır. Həmin gün Prezident Aparatının şöbə müdiri, tanınmış jurnalist Osman Mirzəyev, AzTV-nin müxbiri Alı Mustafayev, videooperator Fəxrəddin Şahbazov və işıqçı Arif Hüseynzadə də həlak olublar. Onlar Qarabağda baş verən hadisələri işıqlandırmaq, həqiqətləri cəmiyyətə çatdırmaq və tarixi prosesləri sənədləşdirmək missiyasını yerinə yetiriblər. Buna görə də Qarakənd faciəsi Azərbaycan jurnalistikası tarixində də xüsusi və ağrılı yer tutur. Hadisənin 35-ci ildönümü yalnız həlak olanların xatirəsini yad etmək deyil, həm də müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi təhlükələri, dövlətçilik yolunda verilən itkiləri və bu gün əldə olunan hərbi-siyasi gücün hansı tarixi mərhələlərdən keçərək formalaşdığını xatırlamaq baxımından əhəmiyyət daşıyır. Qarakənd faciəsi bir daha göstərir ki, dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi güclü müdafiə sistemi, peşəkar ordu və çevik təhlükəsizlik idarəçiliyi tələb edir. 35 il əvvəl yaşanan faciə bu gün müstəqil Azərbaycanın hərbi qüdrəti və dövlətçilik təcrübəsi fonunda tariximizin unudulmamalı dərslərindən biri olaraq qalır".
Aişə Mustafayeva