Azərbaycanda bank-sığorta tərəfdaşlığı modeli inkişaf etdiriləcək
Azərbaycanda 2027-2029-cu illərdə bank-sığorta tərəfdaşlığı modelinin inkişaf etdirilməsi nəzərdə tutulur. “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, banklar və sığorta şirkətləri arasında inteqrasiyanın gücləndirilməsi ilə bank-sığorta kanalı vasitəsilə bağlanan sığorta müqavilələrinin sayının hər il orta hesabla 10 faiz artırılması planlaşdırılır. Bu modelin əsas məqsədi maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaq və sığorta məhsullarının bank şəbəkələri üzərindən daha geniş kütləyə çatdırılmasını təmin etməkdir.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda bank və sığorta sektorlarının fəaliyyət prinsipləri fərqlidir. Bank sektoru müəyyən hallarda müştəri cəlb etməyə çalışsa da, əsasən kredit və maliyyə ehtiyacı olan şəxslər özləri banka müraciət edirlər:
“İlk növbədə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda ümumiyyətlə bankla sığorta sektorunun əsas fərqi nədir? Bank müştərinin dalınca bir qayda olaraq qaçmır. Bəlkə əmanət məsələsində qaçır. Amma kredit lazımdırsa, müştəri özü banka gəlir. Amma sığorta bazarı fərqlidir. Orada sığorta şirkəti müştərinin dalınca qaçır, əgər icbari sığortadan söhbət getmirsə. Könüllü sığortadan söhbət gedirsə, vəziyyət başqadır”.
Ekspert hesab edir ki, Azərbaycanda icbari sığorta sahəsində təmərküzləşmə və inhisarlaşma müşahidə olunur. Əsas problem könüllü sığortaya marağın aşağı olmasıdır:
“Azərbaycanda mədəni sığorta bazarının problemi odur ki, könüllü sığorta azdır. İnsanlar könüllü sığortaya getmirlər. Çünki inanmırlar, bunu artıq xərc hesab edirlər. Mən burada bir yol görürəm. Yəqin ki, bankdan kredit alanda hansısa icbari sığorta mexanizmləri yaradılacaq. Könüllü şəkildə bunun geniş yayılacağını təsəvvür etmirəm. İcbari olsa belə, bu təmərküzləşməni daha da gücləndirəcək. Böyük sığorta şirkətləri əsasən iri banklarla bağlıdır. Bu baxımdan həmin şirkətlərin gəlirləri artacaq. Məncə, sığorta bazarında daha çox təmərküzləşmə olacaq və bu, böyük sığorta şirkətlərinin xeyrinə işləyəcək. Əgər könüllü sığortaya təsir etsə, bu yaxşı olar və inklüzivlik artar. Amma mən buna inanmıram. Çünki Azərbaycan insanında sığorta şirkətlərinə inam formalaşmayıb. Hətta insanlar evlərin icbari sığortasını belə etdirmirlər, çünki inanmırlar”.
Fatimə Hüseynli