00:00:00
Yazar
Ayşən Səlimova
15.02.2026 21:44 12 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda biznes kreditlərinin 43 %-i tam təminatlıdır

Azərbaycanda biznes kreditlərinin 43 %-i tam təminatlıdır

Bu il yanvarın 1-nə Azərbaycanda biznes kreditlərinin 43,2 %-i tam təminatlı olub. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3 faiz bəndi azdır. Son 1 ildə qismən təminatlı biznes kreditərinin xüsusi çəkisi 1,3 faiz bəndi azalaraq 31,9 %, təminatsız biznes kreditlərinin payı isə 4,3 faiz bəndi artaraq 24,9 % olub.

 

 

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, təminatsız kreditlərin artması iqtisadiyyatda risk faktorlarının daha da güclənməsini sürətləndirə bilər:

 

 

"Bu təminatlı kreditlər adından da göründüyü kimi, kredit verilən tərəfin həmin vəsaiti geri qaytarmaması riskini, yəni ehtimalını qarşılamaq məqsədilə borc götürənin müvafiq şəkildə girov qoyması ilə həyata keçirilən kredit vəsaitidir. Təminatlı kreditin təminatsız kreditdən üstünlüyü ondadır ki, vəsaitin geri qaytarılması üçün müəyyən zəmin və zəmanət mövcuddur. Bundan əlavə, qoyulan girovun dəyərindən asılı olaraq kredit məbləğinin daha yüksək olması şansı vardır. Və nəhayət, belə kreditlərin faizi adətən təminatsız kreditlərdən fərqli olaraq daha aşağı səviyyədə olur. Əlbəttə, təminatlı kreditlərin azalması, yəni bir il ərzində üç faiz bəndi aşağı düşməsi o qədər də yaxşı hal deyil. Bu, kredit verən mənbələr tərəfindən vəsaitlərin daha böyük faizlə və risk altında verilməsi anlamına gəlir ki, bu da iqtisadiyyat üçün o qədər də məqbul variant hesab olunmur. Təminatsız kreditlərin artması iqtisadiyyatda risk faktorlarının daha da güclənməsini sürətləndirə bilər. Bunun əsas mahiyyəti ondadır ki, kreditin strukturu, yəni onun təminatlı və ya təminatsız verilməsi görülən işlərin keyfiyyətinə, məsələn, iş yerlərinin yaradılmasına, daha keyfiyyətli biznesin təşkilinə və s. baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm iqtisadiyyatın sağlam əsasda inkişafını təmin edir, həm də risk faktorlarının nəzarət çərçivəsində saxlanmasına kömək edir və nəticədə iqtisadi inkişafın sağlam xarakter daşımasına gətirib çıxarır. Təminatsız verilən kredit vəsaitləri isə sağlam iqtisadi inkişafı tam şəkildə təmin edə bilmir".

 

Xədicə Məhərrəmli

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər