Azərbaycanda istilik obyektlərinin rəqəmsal xəritəsi formalaşdırılır
"Azəristiliktəchizat" ASC-nin (AİT) daxili resursları hesabına qazanxanalar, istilik məntəqələri və istilik şəbəkələrinin rəqəmsal xəritəsinin formalaşdırılmasına başlanılıb.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, istilik obyektlərinin rəqəmsal xəritəsinin yaradılması ilk növbədə istilik təsərrüfatının daha səmərəli idarə olunmasına xidmət edir:
“Bu sistem vasitəsilə qazanxanaların, istilik xətlərinin, avadanlıqların texniki vəziyyətini, nasazlıqları və istilik itkilərini daha operativ müəyyən etmək mümkün olacaq. Nəticədə təmir və istismar xərclərinin azalması, qəza hallarına daha sürətli müdaxilə və resurslardan daha səmərəli istifadə təmin edilə bilər. Bu layihənin qısa müddətdə istilik tariflərinə birbaşa təsir göstərəcəyi gözlənilmir. Çünki tariflər yalnız texniki yeniliklər əsasında deyil, istehsal və istismar xərcləri, enerji daşıyıcılarının qiyməti, dövlətin tarif siyasəti və digər iqtisadi amillər nəzərə alınmaqla müəyyən edilir. Rəqəmsal xəritə daha çox idarəetmənin keyfiyyətini artıran alət rolunu oynayacaq. Uzunmüddətli perspektivdə isə bu cür rəqəmsallaşma istilik itkilərinin azalmasına, enerji səmərəliliyinin yüksəlməsinə və xərclərin optimallaşdırılmasına kömək edə bilər. Əgər bu qənaət davamlı xarakter alarsa və tarif siyasətində nəzərə alınarsa, gələcəkdə tarif artımlarının məhdudlaşdırılmasına və ya xidmətin daha aşağı xərclə göstərilməsinə müsbət təsir göstərə bilər. Beləliklə, bu layihənin əsas faydası tariflərin dərhal dəyişməsi deyil, istilik təchizatı sisteminin daha şəffaf, etibarlı və səmərəli idarə
olunmasının təmin edilməsidir. Bu isə həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də dövlət vəsaitindən daha səmərəli istifadəyə şərait yarada bilər”.
Nurgün Qənizadə