Azərbaycanda su ehtiyatları: gələcəkdə bizi nə gözləyir?
Azərbaycanda su ehtiyatlarının azalması son illərdə daha çox diqqətçəkən ekoloji problemlərdən birinə çevrilib. İqlim dəyişiklikləri, çayların sululuğunun azalması və suya tələbatın artması ölkənin gələcək su təhlükəsizliyi ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq Rövşən Abbasov bildirib ki, qlobal iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının düzgün idarə olunması strateji əhəmiyyət daşıyır:
“Kənd təsərrüfatında damlama və çiləmə kimi müasir suvarma texnologiyalarının geniş tətbiqi su itkisini kəskin azaldaraq mövcud böhranın həllinə misilsiz töhfə verə bilər. Bu sistemlər su sərfiyyatını yarıbayarı aşağı salmaqla yanaşı, torpaqların şorlaşmasının da qarşısını alır. Lakin texnologiyanın effekti yalnız suyun sahəyə itkisiz çatdırılması ilə mümkündür. Hazırda Azərbaycanın su təhlükəsizliyinin təmin olunması üçün əsas diqqət magistral kanallarda nəqletmə itkilərinin aradan qaldırılmasına yönəldilməlidir. Bununla yanaşı, su ehtiyatlarımızın böyük hissəsi ölkə xaricində formalaşdığı üçün transsərhəd çayların idarə olunmasında regional əməkdaşlığın gücləndirilməsi həyati vacibdir. Çirkab sularının təkrar emalı və Xəzər dənizinin duzsuzlaşdırılması kimi alternativ mənbələr də prioritet istiqamətlər sırasındadır”.
Ayan Məmmədzadə