00:00:00
Yazar
Elmira Ağayeva
02.07.2026 22:34 25 3 dəq oxuma
Sosial

Azərbaycanda tədrisin rəqəmsallaşdırılması növbəti mərhələdə həyata keçiriləcək

Azərbaycanda tədrisin rəqəmsallaşdırılması növbəti mərhələdə həyata keçiriləcək

 

Azərbaycanda təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsində tədris prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

 

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında çıxışı zamanı məlumat verib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, tədrisin rəqəmsallaşdırılması sadəcə dərsliklərin elektron formata keçirilməsi deyil, bütövlükdə təlim modelinin dəyişməsidir:

 

"Ənənəvi müəllim-mərkəzli yanaşmadan daha çox şagirdyönümlü, fərdiləşdirilmiş və məlumatlara əsaslanan tədris modelinə keçid mümkün olur.
Rəqəmsal platformalar müəllimə şagirdlərin nailiyyətlərini real vaxt rejimində izləməyə, zəif tərəfləri müəyyənləşdirməyə və fərdi təlim marşrutları hazırlamağa imkan verir. Eyni zamanda, interaktiv məzmun, simulyasiyalar, virtual laboratoriyalar və adaptiv qiymətləndirmə alətləri dərslərin daha maraqlı və effektiv təşkilinə şərait yaradır. Lakin rəqəmsallaşdırmanın təhsilin keyfiyyətinə müsbət təsiri yalnız texnologiyanın mövcudluğu ilə deyil, onun pedaqoji baxımdan düzgün tətbiqi ilə bağlıdır. İnfrastruktur, müəllim hazırlığı, keyfiyyətli rəqəmsal məzmun və kibertəhlükəsizlik kimi məsələlər paralel həll olunmasa, gözlənilən nəticələri əldə etmək çətin olacaq.
Son illərdə həyata keçirilən layihələr Azərbaycan məktəblərində rəqəmsal transformasiya üçün mühüm baza formalaşdırıb. “Rəqəmsal məktəb” layihəsi idarəetmənin elektronlaşdırılması, müəllim-valideyn-şagird kommunikasiya imkanlarının genişlənməsi və rəqəmsal xidmətlərin tətbiqinə töhfə verib.
“Rəqəmsal bacarıqlar” layihəsi proqramlaşdırma, alqoritmik düşüncə və rəqəmsal savadlılıq sahəsində minlərlə şagirdin yeni kompetensiyalar qazanmasına şərait yaradıb. “STEAM Azərbaycan” isə layihəəsaslı öyrənmə, robototexnika, mühəndislik və tətbiqi elmlərə marağın artmasına müsbət təsir göstərib.
Bununla belə, layihələrin bütün məktəblərdə eyni səviyyədə tətbiq olunduğunu söyləmək çətindir. Regionlar arasında texniki təminat, internet keyfiyyəti və müəllim hazırlığı baxımından fərqlər qalmaqdadır. Digər vacib məsələ isə bu layihələrin təsirinin sistemli şəkildə ölçülməsi və əldə olunan nəticələrin milli qiymətləndirmə mexanizmləri ilə əlaqələndirilməsidir".

 

Təhsil eksperti, həmçinin, vurğulayıb ki, süni intellekt və digər rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiya üçün Azərbaycan məkyəbləri və müəllimlərinin azırlıq səviyyəsini orta səviyyədə qiymətləndirmək olar:

 

"Son illərdə rəqəmsal infrastrukturun inkişafı və müəllimlərin müxtəlif təlimlərə cəlb olunması müsbət dinamika yaradıb. Bununla yanaşı, süni intellektin tədrisdə səmərəli istifadəsi üçün yalnız texniki imkanlar kifayət etmir.
Müəllimlərin böyük hissəsinin süni intellekt alətlərindən pedaqoji məqsədlərlə istifadə, prompt hazırlama, rəqəmsal etika, akademik dürüstlük və şagird məlumatlarının qorunması kimi mövzularda əlavə peşəkar inkişaf proqramlarına ehtiyacı var. Eyni zamanda, məktəblərdə süni intellektdən istifadəni tənzimləyən metodiki tövsiyələr və etik çərçivələr hazırlanmalıdır.
Perspektiv baxımından süni intellekt müəllimi əvəz edən deyil, onu dəstəkləyən texnologiya kimi qəbul edilməlidir. O, dərs planlarının hazırlanması, fərdiləşdirilmiş tapşırıqların yaradılması, formativ qiymətləndirmə və inzibati iş yükünün azaldılması kimi sahələrdə müəllimin işini daha səmərəli edə bilər. Əsas hədəf texnologiyanın özü deyil, onun vasitəsilə daha keyfiyyətli, əlçatan və inklüziv təhsil mühitinin formalaşdırılması olmalıdır".

 

Aişə Mustafayeva

#Təhsil #rəqəmsallaşma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər