Azərbaycanda tullantıların idarə olunması üçün yeni dövlət agentliyi yaradılıb
Azərbaycanda ekoloji təhlükəsizliyin gücləndirilməsi və tullantıların idarə olunması sahəsində vahid mexanizmin formalaşdırılması məqsədilə Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Yeni qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərəcək. Agentlik tullantıların yaranmasından utilizasiyasına qədər bütün mərhələlər üzrə dövlət nəzarətini, tənzimləməni və koordinasiyanı həyata keçirəcək. Qurumun yaradılması ətraf mühitin qorunması, təkrar emal sisteminin inkişafı və ekoloji problemlərin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ətraf mühit üzrə ekspert Rövşən Abbasov bildirib ki, beynəlxalq təcrübədə tullantıların idarə olunmasına iki istiqamətdən yanaşılır:
“Birincisi qanunvericilik və icra məsələləri, ikincisi isə xidmətin təşkilidir. Xidmətin təşkilində əsasən bələdiyyələr, yerli qurumlar və şəhər şuraları iştirak edir. Bununla yanaşı, elə ölkələr də var ki, həmin sahədə mərkəzləşdiriləndövlət qurumları da fəaliyyət göstərir. Mən hesab edirəm ki, Azərbaycanda tullantıların idarə olunması üzrə ayrıca bir təşkilatın yaradılması müsbət addımdır. Bu qurum tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsində və növbəti mərhələlərə uğurlu keçiddə mühüm rol oynayacaq. Eyni zamanda istərdim ki, gələcəkdə bu agentlik dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif özəl şirkətlərin də tullantıların idarə olunmasına cəlb edilməsini təşkil etsin. Bu sahədə danışılacaq mövzulardan biri tullantıların çeşidlənməsi və sortlaşdırılmasıdır. Üzvi tullantılar, plastik, kağız, metal, şüşə və tibbi tullantıların ayrı-ayrılıqda toplanması və idarə olunması ümumi prosesi xeyli asanlaşdırır və daha effektiv edir. Burada iki əsas yanaşma mövcuddur: upstream idarəetmə və downstream idarəetmə. Upstream, yəni yuxarı idarəetmə tullantıların yaranmasının qarşısının alınmasına yönəlir. Bu çərçivədə istehlakçıların maarifləndirilməsi, plastik istifadəsinin tədricən azaldılması, plastik məhsullara əlavə ödənişlərin tətbiqi kimi tədbirlər həyata keçirilir. Downstream idarəetmə isə artıq yaranmış tullantıların idarə olunmasını əhatə edir. Burada tullantıların toplanması, daşınması, emalı, utilizasiyası və zərərsizləşdirilməsi kimi məsələlər ön plana çıxır. Bu, kifayət qədər geniş və vacib bir sahədir və ətrafında daha geniş müzakirələr aparmaq mümkündür”.
Banuçiçək Məmmədova