00:00:00
Yazar
Ayan Sadi
23.09.2026 22:20 35 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda xalça istehsalı və ixracı artır

Azərbaycanda xalça istehsalı və ixracı artır

Azərbaycanda xalça istehsalı və ixracının artması qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir. Azərbaycan xalçalarının xarici bazarlarda tanıdılması və yeni bazarlara çıxarılması istiqamətində görülən işlərə baxmayaraq, istehsal və ixracda 4-5 dəfəlik artım sahənin potensialının tam reallaşdırıldığı anlamına gəlmir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, xalça istehsalı və ixracında artımın qeydə alınması mütləq şəkildə sahədə vəziyyətin tam yaxşı olması demək deyil.

 

“Əvvəlki illə müqayisədə 4-5 dəfə artım yüksək göstərici kimi görünə bilər. Hətta inkişaf etmiş ölkələrdə 2-3 faizlik artım belə yaxşı nəticə hesab olunur. Çünki həmin ölkələrdə istehsal və gəlirlər yüksək səviyyədədir. Buna görə də faiz və nisbətləri müqayisə etmək müəyyən qədər yanlış təsəvvür yarada bilər”.

 

Xalid Kərimli vurğulayıb ki, xalça istehsalı və ixracının 4-5 dəfə artmasının əsas səbəblərindən biri əvvəlki illərdə göstəricilərin aşağı olmasıdır. Onun sözlərinə görə, kiçik həcmli göstəricilərdə baş verən artım faiz ifadəsində daha böyük görünə bilər.

 

İqtisadçı qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini də qeyd edib. Onun sözlərinə görə, müəssisələrin fəaliyyətinin genişləndirilməsi və istehsalın artırılması istiqamətində atılan addımlar xalçaçılıq sahəsinə də təsir göstərə bilər.

 

“Xalça ixracındakı artım Azərbaycan xalçalarının xarici bazarlarda tanıdılması və yeni müştəri bazalarının formalaşdırılması ilə əlaqəli ola bilər”.

 

İqtisadçının sözlərinə görə, Azərbaycan xalçaçılığının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alması da xalçaların xarici bazarlarda tanıdılması baxımından müəyyən üstünlük yaradır.

 

Xalid Kərimli hesab edir ki, xalça istehsalı və ixracının artımı müsbət dinamika olsa da, bu göstərici sahənin potensialının tam reallaşdırıldığını göstərmir. Onun sözlərinə görə, Azərbaycan xalçaçılığının inkişafı və ixrac imkanlarının genişləndirilməsi üçün hələ böyük potensial mövcuddur.

 

Nurgün Qənizadə

#artır #ixracı #istehsalı #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər