00:00:00
Yazar
Ayan Sədi
03.07.2026 22:04 40 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın enerji ixracında yeni mərhələ: Qazın yarısı Avropa İttifaqı ölkələrinə gedir

Azərbaycanın enerji ixracında yeni mərhələ: Qazın yarısı Avropa İttifaqı ölkələrinə gedir

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın enerji siyasəti etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanır və ölkə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Onun sözlərinə görə, son illərdə ixrac coğrafiyası genişlənib və Azərbaycan qazına tələbat artmaqda davam edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti ilə keçirilən mətbuat bəyanatlarında ölkəmizin regionun enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi vurğulanıb:

 

"Bu, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi Avropa İttifaqının yüksək qiymətləndirdiyini və bu istiqamətdə əməkdaşlığın davamlı şəkildə dərinləşdiyini göstərir. 2020-ci il dekabrın 31-də Azərbaycan təbii qazı ilk dəfə Avropa bazarına çatdırılıb. Həmin vaxtdan etibarən ölkəmiz Avropaya 50 milyard kubmetrə yaxın təbii qaz ixrac edib. Hazırda Azərbaycan ümumilikdə 16 ölkəyə qaz ixrac edir. Onlardan 12-si Avropada yerləşir, 10-u isə Avropa İttifaqının üzvüdür. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının əsas təbii qaz təchizatçılarından biri olaraq ilk beşlikdə yer alır. Bu göstəricilər Azərbaycanın enerji siyasətinin təkcə iqtisadi deyil, həm də regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfə verdiyini təsdiqləyir. Eyni zamanda, Avropa İttifaqında Azərbaycan qazına və neftinə tələbatın artdığı müşahidə olunur. Azərbaycan neftindən istifadə edən ölkələrin sayı artır, qaz almaq istəyən dövlətlərin dairəsi isə daha da genişlənir. Məsələn, Çexiya Respublikası da Azərbaycan təbii qazını idxal etmək niyyətini ifadə edib. Bütün bunlar Azərbaycanın qaz ixrac coğrafiyasının gələcəkdə daha da genişlənəcəyini göstərir. Bu isə həm regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə, həm də dövlət gəlirlərinin və enerji ixracından əldə olunan gəlirlərin şaxələndirilməsinə mühüm töhfə verəcək". 

 

İqtisadçı, sonda vurğulayıb ki, Azərbaycan bir tərəfdən regionun və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir, digər tərəfdən isə geosiyasi mövqeyini gücləndirərək bölgədə formalaşan yeni nizam çərçivəsində sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsini dəstəkləyir".

 

Aişə Mustafayeva

#ölkələrinə #enerji #gedir #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər