Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib
Azərbaycanın Ermənistana ixracının artması iqtisadi əlaqələrin normallaşmasına, yerli istehsalçılar üçün yeni bazar imkanlarının yaranmasına və gələcəkdə regional əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.
Mövzu ilə bağlı “İnformator.az” Liberal iqtisadçılar mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanın Ermənistana ixracının 23 milyon dolları keçməsi iki ölkə arasında iqtisadi münasibətlərin formalaşması baxımından əhəmiyyətli hadisədir:
“Çünki uzun illər siyasi münaqişə və bağlı sərhədlər şəraitində olan iki ölkə arasında ticarətin yaranması iqtisadi əlaqələrin tədricən normallaşmasına zəmin yarada bilər. Ticarət dövriyyəsinin artması tərəflər arasında qarşılıqlı iqtisadi maraqların formalaşmasına, biznes dairələrinin əməkdaşlığına və gələcəkdə daha geniş iqtisadi əlaqələrin qurulmasına imkan yaradır.Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın Ermənistana ixracı 23,45 milyon dollar təşkil edib. Eyni dövrdə Ermənistandan Azərbaycana dolayı idxalın həcmi cəmi 96,5 min dollar olub. Bu rəqəmlər göstərir ki, hazırkı ticarət əlaqələri əsasən Azərbaycanın Ermənistana mal satması istiqamətində inkişaf edir. Bu, Azərbaycan istehsalçıları üçün yeni bazarın yaranması və ixrac gəlirlərinin artması baxımından əhəmiyyətlidir”.
Akif Nəsirli qeyd edib ki, 23 milyon dolları ikitərəfli iqtisadi inteqrasiyanın yüksək səviyyəsi kimi qiymətləndirmək hələ tezdir. Əsas məsələ ticarətin davamlı olub-olmaması və gələcəkdə hansı məhsul qruplarını əhatə etməsidir.
Əgər bu əlaqələr genişlənərsə, Azərbaycan kənd təsərrüfatı məhsullarını, ərzaq mallarını, sənaye məhsullarını və digər yerli istehsal nümunələrini Ermənistan bazarına daha çox çıxara bilər. Bu isə istehsalın genişlənməsinə, sahibkarların gəlirlərinin artmasına və yeni iş yerlərinin yaranmasına müsbət təsir göstərə bilər.
Digər tərəfdən, iqtisadi münasibətlərin inkişafı yalnız mal mübadiləsi ilə məhdudlaşmamalıdır. Gələcəkdə nəqliyyat, logistika, tranzit və digər kommersiya sahələrində əməkdaşlıq üçün də imkanlar yarana bilər. Ticarət əlaqələrinin genişlənməsi tərəflərin iqtisadi baxımdan bir-birinin sabitliyində maraqlı olmasına şərait yaradır. Lakin iqtisadi əməkdaşlığın siyasi münasibətlərin tam normallaşmasına avtomatik gətirib çıxaracağını düşünmək düzgün olmaz. Bunun üçün siyasi razılaşmalar, qarşılıqlı etimad və uzunmüddətli sabitlik də vacibdir.
“Məncə, bu prosesə iqtisadi səmərəlilik baxımından yanaşmaq lazımdır. Azərbaycan üçün əsas məqsəd Ermənistana ixracın sadəcə həcmini artırmaq deyil, yerli istehsalçılar üçün davamlı və gəlirli bazar formalaşdırmaq olmalıdır. Eyni zamanda, ticarətin hansı marşrutlarla həyata keçirildiyi, logistika xərcləri və ödəniş mexanizmləri də əhəmiyyətlidir. İxrac artımı davamlı xarakter alarsa, bu, regionda iqtisadi əlaqələrin normallaşmasına və Cənubi Qafqazda qarşılıqlı iqtisadi maraqların güclənməsinə töhfə verə bilər”.
Nurgün Qənizadə