Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır
Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqtisadi inkişafı xarici investorların marağını artırır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yeni əməkdaşlıqlar üçün imkan yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, son zamanlar dünyada logistika məntiqi dəyişib:
“Əvvəllər dəniz daşımaları həm üstün daşıma növü, logistikada üstünlük qazanan prioritet istiqamət sayılırdısa, son zamanlar Hörmüz ətrafında, Qırmızı dənizdə, Süveyş kanalı ətrafında və Panama kanalında baş verən hadisələr dünyada ümumiyyətlə quru yollarla, dəmir yolları ilə də əsasən yükdaşımaların önəmini və mahiyyətini artırıb”.
Müsahib əlavə olaraq qeyd edib ki,
Azərbaycan də Şimal-Cənub, həm də əsasən də Şərq-Qərb, yəni Orta Dəhlizin mərkəzində yerləşən ölkədir:
“Coğrafi mövqeyimiz logistik mərkəzə çevrilmək üçün kifayət qədər böyük imkanlar və fürsətlər yaradır. Və dünyadakı bu trend Azərbaycana müsbət təsir göstərir, önəmi artır, investorlar üçün maraq artır -əsasən də logistika və dəhlizlərin fəaliyyəti üçün daha çox investisiyanın cəlb edilməsinə imkanlar və fürsətlər yaradır”.
O bildirib ki, yeni investisiyalar isə yeni istehsal sahələri, yeni iş yerləri, yeni iqtisadi artım deməkdir:
“Bu Azərbaycan üçün çox vacibdir, çünki son illərdə iqtisadi artım templərimiz o qədər də yüksək deyil. Yəni yeni investisiyalar, yeni logistik marşrutların yaranması və inkişafı iqtisadi artıma da müsbət mənada dəstək göstərəcək”.
Aysu Abbasova