Azərbaycanın təhsil diplomatiyası genişlənir
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, coğrafi məsafələr bəzən xalqları ayırsa da, tarixi və mədəni bağlar onları bir-birinə yaxınlaşdırır:
“Azərbaycan, Suriya və Mərakeş bu gün ayrı-ayrı dövlətlər olsa da, tarixən ortaq mədəni və dini mühitin təsiri altında formalaşıblar. Bu baxımdan ölkələr arasında tarixi və mədəni əlaqələr mövcuddur. Hər üç ölkədə İslam dini əsas inanc sistemidir və bu da humanitar sahələrdə, xüsusilə təhsil kontekstində əməkdaşlıq üçün zəmin yaradır. Təhsil sahəsi zahirən siyasətdən kənar görünsə də, əslində yumşaq güc siyasətinin ən mühüm alətlərindən biridir. Dil, tarix, mədəniyyət, teoloji mətnlər və ortaq irsin öyrənilməsi bu saziş çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən ola bilər. Bu əməkdaşlıq eyni zamanda Azərbaycanın həmin ölkələrlə münasibətləri dərinləşdirmək niyyətindən xəbər verir. Təhsil vasitəsilə cəmiyyətlər arasında birbaşa təmaslar qurulur, gələcək nəsillər arasında qarşılıqlı anlayış formalaşır. Bu isə uzunmüddətli perspektivdə dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Coğrafi baxımdan uzaq olan ölkələrdə Azərbaycan haqqında yanlış təsəvvürlərin formalaşması riski daha yüksəkdir. Lakin təhsil sahəsində əməkdaşlıq bu boşluğu aradan qaldırmağa, birbaşa akademik və mədəni əlaqələr qurmağa imkan yaradır. Beləliklə, təhsil və siyasət bir-biri ilə sıx bağlı sahələr kimi çıxış edir və bu əməkdaşlıq dövlətlərarası dostluq münasibətlərinin inkişafına real töhfə verir”.
Günel Əlili