Azərbaycanlı alim dünyanı necə düşündürdü? – Lütfi Zadə və qeyri-səlis məntiq
Azərbaycanlı alim Lütfi Zadənin yaratdığı qeyri-səlis məntiq nəzəriyyəsi elm və texnologiyada yeni imkanlar açıb. 1965-ci ildə irəli sürülən bu nəzəriyyə klassik məntiqdən fərqli olaraq, qeyri-müəyyənlik və aralıq qiymətləri nəzərə alıb.
XX əsrin 60-cı illərində dünya elmində yeni bir istiqamət meydana gəlib. 1965-ci ildə azərbaycanlı alim Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsini irəli sürüb. Bu nəzəriyyə kibernetika, süni intellekt və idarəetmə sistemləri ilə bağlı mövcud yanaşmalara yeni baxış gətirib.
Qeyri-səlis məntiq klassik məntiqdən fərqli olaraq, hadisələri yalnız “doğru” və ya “yanlış” kimi qiymətləndirmir. O, müəyyən fikrin və ya hadisənin müxtəlif dərəcələrdə doğru olmasını da nəzərə alıb.Bu yanaşma real həyatda mövcud olan qeyri-müəyyən vəziyyətlərin daha dəqiq modelləşdirilməsinə imkan yaradıb.
Lütfi Zadənin nəzəriyyəsi sonradan müxtəlif texnologiyalarda tətbiq olunmağa başlayıb. Onun əsasında məişət cihazlarının idarə edilməsində, avtomatlaşdırılmış sistemlərdə, robototexnikada, tibbdə və digər sahələrdə istifadə olunan texnologiyalar inkişaf etdirilib.
Qeyri-səlis məntiq xüsusilə insan düşüncəsinə yaxın qərarların qəbul edilməsi baxımından əhəmiyyətlidir. Çünki insan gündəlik həyatda bir çox qərarını dəqiq rəqəmlər və sərt qaydalarla deyil, təcrübə, ehtimal və təxmini qiymətləndirmələrlə verir.
Lütfi Zadənin bu nəzəriyyəsi elmi dünyada böyük maraq doğurub və onun adı müasir informatika və süni intellekt sahəsində mühüm alimlərdən biri kimi tarixə düşüb.
Fidan Alışova