Azad olunmuş ərazilərin su ehtiyatları hesabına
Azərbaycanda suların təmiz olması, təmizlənməsi üçün hansı addımlar atılır? Burada istifadə olunan texnologiyalar nələrdir, mə dərəcədə yararlıdır və Azərbaycanda nə qədər geniş yayılıb?
İnformator.az-ın bu dəfəki qonağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov və Xəzər Universiteti Ekoloji Tədqiqat Mərkəzinin direktoru Rövşən Abbasovdur.
İlk olaraq, Amil Məmmədov Azərbaycanda su təchizatından və ondan cavabdeh qurumdan bəhs edib.
"İçməli suların təmizliyi üçün su təchizatına cavabdeh olan qurum, yəni Azərsu Səhmdar Cəmiyyəti bu məqsədlə əhaliyə verilən suyun xüsusi filtrlərdən keçirilərək təmizlənməsini icra edir. Həmçinin sular Azərsu Səhmdar Cəmiyyətinin standartlarına uyğun xüsusi laboratoriyada sınaqdan keçirilir".
O, həmçinin rayonlardakı su qaynaqlarından danışıb. Su təchizatının ümumi şəhər və rayonlara çatdırılması haqqında fikirlərini bildirib.
"Rayonlarda su mənbəyi olaraq yeraltı su mənbələrindən, suyun əhaliyə verilməsi üçün isə modul tipli su təmizləyici qurğularından istifadə olunur. Burada su filtrlərdən keçirildikdən sonra adətən ana xətt, yəni magistral xətt vasitəsi ilə Azərbaycan rayonları və yaşayış məntəqələrindəki əhaliyə, istehlakçılara çatdırılır. Azərsu Səhmdar Cəmiyyəti bütün ölkə üzrə bunu həyata keçirən əsas operatordur. İndi Dövlət Su Agentliyi cənab prezidentin sərəncamı ilə yaradılıb və onun yeni əsasnaməsi Nazirlər Kabineti tərəfindən hazırlanır. Bundan sonrakı məsələlərə cavabdeh qurum kimi Dövlət Su Agentliyi və Azərsu Səhmdar Cəmiyyəti bu proseslərə nəzarət edəcək".
Xəzər Universiteti Ekoloji Tədqiqat Mərkəzinin direktoru Rövşən Abbasov isə su mənbələrinin çirkləndirilməsinin səbəbləri, su problemlərinin aradan qaldırılması üçün görülən tədbirlərdən bəhs edib.
"Hazırda Azərbaycanda su mənbələri ilk növbədə, əsasən, məişət suları ilə çirklənir. İkinci növbədə isə sənaye tullantıları dayanır. Bəhs etdiyim problemlərin qarşısını almaq üçün Azərbaycanda su təmizləmə qurğuları tikilmişdir. Bakıya verilən su Ceyranbatan su təmizləmə qurğularında təmizlənərək verilir. Çirklənmə sularını toplayan şəbəkənin yetərli olmaması səbəbindən yenə də çirklənmə hadisələri baş verir. Eyni zamanda su obyektlərinin qorunması üçün kifayət qədər yaxşı qanunvericilik aktlarımız var və bu aktlara görə, su obyektlərini çirkləndirən həm hüquqi, həm də fiziki şəxslər qanunla məsuliyyət daşıyırlar".
O, həmçinin Azərbaycanda suların təmizlənməsindən danışıb, bu haqda fikirlərini bildirib.
"Suların təmizlənməsi dedikdə biz bunu iki cür başa düşürük. Birincisi, su hər hansı şəbəkəyə verilmədən öncə təmizlənir. Burada ayrılan su Ceyranbatanda müasir texnologiyalarla təmizlənir. Su təmizlənərək Bakı və Sumqayıt şəhərlərinə verilir. Eləcə də, Mingəçevirdə su təmizləmə stansiyası qurulub. İkinci məsələ isə çirklənmiş məişət sularından axan kanalizasiya sularının təmizlənərək təbiətə qaytarılmasıdır. Bakı və Abşeron yarımadasında, çox təəssüf ki, suların 50%-i təmizlənərək Xəzər dənizinə axıdılır, qalanı üçün isə təmizləmə tədbirləri görülür".
Təmizlənmə ilə bağlı görülən tədbirlərin yetərli olmadığını bildirən Rövşən Abbasov həmin tədbirlərin niyə su problemini tam olaraq həll edə bilmədiyini belə açıqlayıb.
"Lakin bu tədbirlər hələ də yetərli deyil. Çünki ilk növbədə, su təmizləmə qurğularının yerləşdirilməsi üçün aerasiya stansiyaları tikilməlidir ki, bunlar həm çox bahalı texnologiyalardır, həm də hər hansı bir yerdə quraşdırılmır. Yəni müəyyən layihələşdirmə işləri aparılmalı, burada mütləq şəkildə tikinti işlərinə başlanılmalı, hansı ərazini əhatə edirsə, həmin kütlə üçün kanalizasiya xətləri quraşdırılmalıdır. Həmçinin hər bir ev buraya birləşdirilməlidir. Çox çətin işlərdən söhbət gedir ki, reallaşması üçün, təxminən, 10-15 il lazımdır".
Müsahib, həm də Azərbaycanın müxtəlif bölgələrində su təchizatının hansı səviyyədə olduğundan, bu məsələ ilə bağlı ərazilər arasında hansı fərqləri müşahidə etdiyindən belə bəhs edib.
"Kənd bölgələri və digər yerlərdə isə bu məsələ regionlardan asılı olaraq dəyişir. Bəzi dağlıq yerlərdə su mənbələri çox olsa da, Aran bölgələri haqqında bunu demək olmaz. Aran bölgələrində əhalinin əksəriyyəti içmək üçün Kür və Araz suyundan istifadə edir. Bu cür sular da çox zaman müxtəlif məişət suları ilə çirklənir. Onların qarşısını almaq üçün yerli əhali adətən ödənişli sulardan istifadə edir. Bu da, əlbəttə ki, çox baha qiymətə başa gəlir. Suyun alınması əvəzinə, uzun müddətli investisiyaların qoyulması və Aran bölgəsinin əhalisinin daimi su ilə təmin olunması təklif olunur. Bu istiqamətdə kifayət qədər işlər görülüb. Azad olunmuş ərazilərin su ehtiyatları hesabına Azərbaycanın mərkəzi Aran bölgələrində içməli su təminatını yaxşılaşdırmaq olar".
Aydan Qasımova
Şəklin mənbəyi: https://pin.it/p4qsgsR
