"Azorqanika" Cəbrayıl və Zəngilanda yeni aqrar layihələrə 45 milyon manatdan çox investisiya yönəldəcək
- 28

"Azorqanika" müəssisəsi Cəbrayıl rayonu ərazisində dəyəri 30 milyon manat olan istixana kompleksinin tikintisini planlaşdırır.
"İnformator.az" "Report"a istinadən xəbər verir bunu "Azorqanika" MMC-nin rəhbəri Nicat Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində təşkil olunan müşavirədə bildirib.
Onun sözlərinə görə, layihə Quşçular kəndi ərazisində reallaşdırılacaq və cəmi 30 hektar ərazini əhatə edəcək.
"Layihənin birinci mərhələsində 10 hektar ərazidə istixana tikilməsi nəzərdə tutulur. Bu istixanada əsas etibarilə şirin bibər yetişdiriləcək və hər kvadratmetrdən 78kiloqram məhsuldarlıq əldə edilməsi planlaşdırılır. Kompleksin tərkibində məhsulların qablaşdırılması, saxlanması və soyudulması üçün xüsusi bölmələr də formalaşdırılacaq. İstixana avadanlıqlarında tətbiq olunacaq metal və alüminium konstruksiyaların hazırlanması məqsədilə ayrıca istehsal müəssisəsinin qurulması da nəzərdə tutulur".
N. Məmmədov həmçinin Zəngilan rayonunun Baharlı kəndində 102 hektar ərazidə intensiv və superintensiv bağların salınmasını qeyd edib:
"Layihə daxilində meyvə, texniki üzüm və trüfel bağları yaradılıb. Bağlarda "Cabernet Sauvignon", "Merlot" və "Sangiovese" üzüm sortları becərilib. Əsas məqsədimiz gələcəkdə yüksək keyfiyyətli premium şərabların istehsalını təmin etməkdir. Yaxın vaxtlarda Baharlı kəndində illik 60 min şüşə istehsal həcminə malik şərabçılıq kompleksinin inşasına start veriləcək. Kompleksdə istehsal sahələri ilə yanaşı restoran, şərab zirzəmisi və aqroturizm xidmətləri də fəaliyyət göstərəcək".
"Azorqanika" şirkətinin rəhbəri işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı gilasçılıq layihəsinə başlayacağınıda elan edib:
"Layihə çərçivəsində ilkin mərhələdə 150hektar, növbəti mərhələdə isə 500 hektar ərazini əhatə edən gilas kooperativi təsis ediləcək".
Onun sözlərinə görə, layihənin əsas hədəfi illik 9 min ton gilas istehsalına nail olmaqdır. Məhsulların ənənəvi bazarlarla bərabər Çin, Almaniya, Skandinaviya ölkələri və Cənubi Koreyaya ixrac olunması planlaşdırılır. Layihənin ilkin investisiya həcmi 15 milyon manat təşkil edir. Kooperativə daxil olan təsərrüfatlar üçün lazımi infrastruktur, suvarma və aqrotexniki dəstək şirkət tərəfindən təmin ediləcək".